Bakı, 20 yanvar, AZƏRTAC
"Bank of Baku"nun müştəriləri pul köçürmələrini 50 faizədək ucuz tariflərlə edə biləcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu endirimli tariflərdən bankın internet bankçılıq xidmətindən istifadə edən müştərilər faydalanacaqlar. Xidmətin işinin təkmilləşdirilməsinin nəticəsi olaraq müştərilərə "Bank of Baku"da olan şəxsi hesabları arasında və digər şəxslərin hesabına, həmçinin ölkədaxili banklarda aktiv olan şəxslərin hesabına filiala müraciət etmədən pul köçürmələrini daha sərfəli şərtlərlə həyata keçirmək imkanı yaradılır.
İndi müştərilər vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda, filial daxili pul köçürməsi üçün tələb olunan məbləğdən 50 faiz daha az ödəməklə əməliyyatı icra edəcəklər. İnternet bankçılıq vasitəsilə həyata keçirilən bu əməliyyat müştərinin "ASAN imza"sı ilə təsdiq olunmalıdır.