Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 21-də Fövqəladə Hallar Nazırliyinin (FHN) Gəncə Regional Mərkəzində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” beşinci respublika və birinci beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qərb regionu üzrə qalibləri mükafatlandırılıb.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Gəncə Regional Mərkəzinin şəxsi heyəti, rayon təhsil şöbələrinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Fövqəladə Hallar və Təhsil nazirlikləri tərəfindən istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərilməsi, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin öyrədilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşaqlar və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə keçirilən müsabiqənin Gəncə şəhərindən, Qazax, Ağstafa, Tovuz, Göygöl, Gədəbəy, Şəmkir, Samux, Kəlbəcər rayonlarından olan istedadlı şagirdləri rəsmlər, plakatlar, əl işləri, şeirlər, yanğın qəza-xilasetmə texnikasının modelləri və yumşaq oyuncaqlar təqdim ediblər.
Rayonlarda seçilən və fərqlənən işlər respublika mərhələsi üçün Bakı şəhərinə göndərilib, müsabiqənin təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Qərb regionu üzrə 26 şagird müxtəlif nominasiyalar üzrə birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.
Qaliblərə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb