Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Naviqator” layihəsi davam edir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində növbəti seminarlar Bakı şəhəri E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə və 160 nömrəli Klassik Gimnaziyada keçirilib.
Seminarlar zamanı layihə iştirakçılarına Gənclər Fondunun fəaliyyəti və həyata keçirilən layihənin əsas məqsədləri haqda ətraflı məlumat verilib. Şagirdlər əmək bazarında tələbat yaradan ixtisaslar, gələcəkdə hansı peşələrin daha çox ön planda olacağı və uğurlu karyeranın əsas şərtləri haqda faydalı məlumatlar əldə ediblər. Bununla yanaşı, motivasiya, özünəinam və imtahan həyəcanı mövzularına da geniş yer ayrılıb.
“Seçiminiz gələcəyinizdir!” şüarı ilə artıq 100-dən çox iştirakçını əhatə edən “Naviqator” layihəsi şagirdlər tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, layihə çərçivəsində sonuncu seminar yanvarın 22-də keçiriləcək.