Bakı, 27 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Yanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurası ilə birlikdə ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi və tələblərin icrasının təmin olunması mexanizminin işlənib hazırlanması məqsədilə müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, müşavirə Azərbaycan Respublikası ərazisində dərc olunan mətbuatın (qəzet və jurnalların) və çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2015-ci il tarixli müvafiq Sərəncamına əsasən təşkil olunub.
Qəzet və jurnal redaktorlar ilə yanaşı, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin də qatıldığı müşavirədə bu sahədə mövcud vəziyyət müzakirə olunub və Sərəncamdan irəli gələn məsələlərin icrası yolları təhlil edilib.