Bir olaq, həmrəy olaq

Bir olaq, həmrəy olaq
00:06 31 Dekabr 2014
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür və həmçinin xalqımız Yeni ili qarşılayır.

Hər şey 1989-cu ilin dekabrının son günlərində başladı. Ermənistanın Dağlıq Qarabağa göz tikməsi, tarixi Azərbaycjan əraziləri İrəvan, Göyçə, Ağbaba və Pəmbəkdən soydaşlarımızın çıxarılması millətimizə dahi istiqlal şairi Məhəmməd Hadinin sözlərini xatırlatdı:

İmzasını qoymuş miləl-övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.

Azərbaycan oğulları ayağa qalxdı və yenə Hadinin məşhur şeirində olduğu kimi, hürriyyətin zamanı gəldiyini anladılar:

Artıq yetişib hürriyyətin anları, qalxın!
Qalxın yeni əsrin yeni insanları, qalxın!
Türk torpağı öz övladının cəngini bəklər,
İşğalçıların üstünə qalxsın dəyənəklər!

İlk addım kimi Arazın o biri tayında yaşayan soydaşlarımızla qovuşmaq arzusu doğdu. Güneylə birləşmək şüarı gündəmə gəldi və azərbaycanlıların bir millət olduğu bir daha vurğulandı.

1989-cu il dekabrın son gecəsində Naxçıvanda İranla, daha doğrusu Cənubi Azərbaycanla bizi ayırın sərhədlər dağıdıldı. O taylı, bu taylı Azərbaycan əhalisi çayın sahilinə axışaraq qarşı tərəfə keçdi və 70 il əvvəl ayrılmış ailələr birləşdi.

Artıq 1990-cı ilin yanvar ayının 1-də ölkəmiz Yeni ili Bütöv Azərbaycan kimi qarşıladı. Həmin tarixi andan bu yana hər il dekabrın 31-dən yanvarın 1-ə keçən gecə dan yerini göz yummadan qarşılayan Azərbaycan əhalisi qarşıdan gələn ildə Yurdumuzun bütövləşməsi, itirilmiş ərazilərin geri qaytarılması baxımından daha xoş iqbala qovuşacağına inanır.

Həmin tarix sonradan İstanbulda xüsusi anıldı və Dünya Azərbaycan Türkləri Dərnəyinin Birinci Qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi. 1991-ci il dekabrın 16-da isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi Azərbaycan xalqının milli bayramları sırasına qoşuldu.

Bayramınız mübarək, əziz azərbaycanlılar! Qoy qarşıdan gələn 2015-ci il Azərbaycan üçün ərazi büövlüyünün qorunması, işğal edilmiş ərazilərin azad olması baxımından uğurlu il olsun. Qoy işğal edilmiş kəndlərimizdə və şəhərlərimizdə yenidən ocaqlarımızın tüstüsü qalxsın! Qoy viran qalmış kəndlərimizdə yenidən qaba qayın acağları yüksəlsin! Qoy elatlarımızın Araz və Kür boyunca 3 min ildən çoxdur ki, at oynatdığı köç yolları yenidən canlansın! İtirilmiş yurd yerlərində yenidən binələr salınsın!

Bayrağını uca tut Azərbaycan! Böyük öndər Məmməd Əmin Rəsulzadə demişəkən: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR