Əsrlərdi, insanlığı bir sual məşğul etməkdədir: doğrudanmı, insanın əcdadı meymundu? Ümumiyyətlə, insanla meymun arasında genetik bağlılıq varmı?
Bu suala alimlər, teoloqlar, filosoflar müxtəlif nəzəriyyələr əsasında cavab verməyə çalışıblar.
Bu dəfə meymunun insanla qohumluğu məsələsi üzərində geniş tədqiqatlar aparan, bütün ömrünü bu işlərə həsr edən məşhur alimlərdən biri - amerikalı psixoloq, antropoloq Maykl Tomasello və onun təcrübələri haqqında danışacağıq.
Maykl Tomasello 1950-ci ildə ABŞ-ın Florida ştatında anadan olub. 1980-1990-cı illərdə Atlanta Emori Universitetinin psixologiya üzrə professoru kimi çalışıb. 1990-cı ildən indiyə qədər Almaniyanın Leypsiq şəhərində Maks Plank Evolyusiya və Antropologiya İnstitutunda işləyir.
“İnsani davranışların mənşəyi” adlı elmi əsəri dünyanın bir çox dillərinə tərcümə olunub.
M.Tomasellonu bütün fəaliyyəti boyu yuxarıda qeyd etdiyimiz sual maraqlandırıb. O, hələ tələbə ikən bu suallara cavab tapmağa çalışırdı. İnsanla şimpanze arasındakı fiziki və genetik bənzərlik onların eyni növdən olduğuna işarədir, yoxsa burada daha başqa sirlər var?

Tomasello anlayır ki, bütün bu suallara cavab vermək üçün kitabxanalar və elmi institutların kabinetləri kifayət etmir. Bəşər cinsinin primatdan insana dönüş prosesi - yüz min illərlə davam edən bu keçid dövrü diqqətlə öyrənilməlidi. Alim öz nəzəriyyəsini təkcə arxiv materialları və başqa nəzəriyyələr əsasında deyil, təbiətin özündə, primatların davranış və hərəkətləri əsasında qurmağı qərara alır.
Elə bu məqsədlə də o, Qvineyanın cəngəlliklərinə üz tutur. Primatların, şimpanzelərin sıx olduğu meşəliklərdə alaçıq quraraq yaşamağa və meymunlar üzərində təcrübələr aparmağa başlayır. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, alimin həyatı dəfələrlə təhlükəyə məruz qalır. Lakin Tomasellonun marağı bu təhlükələri belə üstələyir. İllər ərzində apardığı təcrübələrin mahiyyətində bir fundamental məsələyə izah tapmaq dayanırdı:
“Meymunların davranışı şüuridir, yoxsa instinktiv? Başqa sözlə, onlar digər heyvanlar kimi yalnız bioloji varlıqlardı, yoxsa insan kimi sosiallaşa bilirlər?”
Tomasellonun təcrübə dəftərindən qeydlər:
“Primatları hürkütməmək üçün mən öz alaçığımı onların yaşadığı ərazidən xeyli aralıda qurmuşdum. Əvvəllər bu yerlərdə, Şərqi Afrikada, Uqandanın Kibale cəngəlliklərində insanabənzərlərin sayı bir milyondan çox idi, zaman keçdikcə, onların sayı azalmağa başladı. Yerli əhali tərəfindən ovlanma, xəstəliklərin yayılması, bəzən də meymun qəbilələri arasındakı savaşlar bunun əsas səbəbi idi. Hazırda bu ərazidə onların sayı 300 minə qədərdi”.
Tomasello ilkin müşahidələri barədə yazır:
“Tədqiqat apardığım ərazidə şimpanzelərin sayı 1200-ə çatır. Mən onların şüurunun sosial xarakterli olub-olmamasını yoxlamağa tələsirdim. Ürəyimin dərinliyində hiss edirdim ki, biz insanlar onlarla qohumuq. Ana meymunun öz balasını, eynən insanlar kimi, kürəyinə şələləyib gəzdirdiyini görəndə bu düşüncəmdə xeyli əmin oldum. Onların bu hərəkəti instinktiv deyil, daha çox sosial akta bənzəyirdi...”
Tomasellonun birinci təcrübəsi haqda qeydləri:
“Mən onları azacıq şüur tələb edən elementar bir çətinliklə üzləşdirdim. Onların həmişə gedib-gəldiyi yolun üstünə iri bir ağac qoyduq və ağacın gövdəsini primatların barmaqları girə bilməyəcəyi dərinlikdə oyaraq içinə bal tökdüm. Öyrənmək istəyirdim ki, əlləri çatmayan oyuğun içindəki balı götürmək üçün, onlar hər hansı vasitədən istifadə edəcəklərmi?
Nəhayət, bir dəstə gəlib çıxdı. Onlar üstdəki balı yedikdən sonra oyuqdakı balı da əldə etməyə çalışdılar. Barmaqları oyuğa girmədiyi üçün xeyli fikirləşəsi oldular. Birdən gözlənilməz bir olay! Yaşlı meymunlardan biri nazik bir budaq qıraraq yarpaqlarını təmizlədi və çubuğu oyuğun içinə soxdu. Bu metodla balı oyuqdan çıxarıb dada bildi. Onlar bu metodla oyuqdakı balın hamısını çıxarıb sora bildilər. Əcdadımızın bu kəşfindən heyrətə gəlmişdim. Demək, şərait tələb edən kimi onun şüuru işə düşür. Mən primatın düzəltdiyi o budağı ilkin əmək aləti adlandırıram.”
İkinci təcrübə üçün alim nisbətən mürəkkəb əməliyyat qurur. Tomasellonun qeyd dəftərindən:
“İkinci əməliyyatı bir az mürəkkəbləşdirmək qərarına gəldim. Bu dəfə bal tökdüyüm oyuğun ağzını taxta tıxacla kip qapadım. Səhərə yaxın “qonaqlar” gəldi, bal bulaşmış tıxacın ətrafında xeyli hərləndilər, maneəni necə aradan götürmək barədə fikirləşirdilər. Çox maraqlıdı, yaşlı şimpanze çıxış yolu axtararkən, eynilə bizim kimi, alnını qaşıyırdı. Nəhayət, məsələnin həllini tapdılar. “Abola” adlandırdığım 40 yaşlı meymun yerdən iri bir daş götürüb, onunla tıxacı laxlatmağa başladı. Xeyli çalışdıqdan sonra tıxacı oyuqdan araladılar. Sonra nazik budaqla oyuqdan balı çıxarmağa başladılar. Bu dəfə oyuğa çubuq batırmaq əməliyyatını gənc meymunlar da təkrar edirdi. Bu, artıq yaşlı nəslin qazandığı təcrübə əsasında əmək vərdişinin yaranması idi.”
Bir neçə təcrübədən sonra, Tomasello rəhbərlik etdiyi qrupla birlikdə, Kibale meşəliyindən 180 km aralıda yerləşən Budonqo cəngəlliyinə üz tutur. Komandanın məqsədi əvvəlki təcrübələri yeni meymun qəbiləsi üzərində təkrarlamaq idi. Görəsən, nəticə necə olacaqdı?
Tomasellonun qeydlərindən:
“Budonqo meşəsində meymunların sıx hərəkətdə olduğu bir mövqe seçdik. Yenə eyni qayda ilə, yıxılmış ağac üzərində meymunların barmaqları girə bilməyən oyuqlar açdıq və balla doldurduq. Budonqolu şimpanzelər də balı əldə etmək üçün düşünüb metod tapdılar, lakin əvvəlki həmcinslərindən fərqli olaraq, onlar balı çubuqla deyil, yarpaqla götürürdü. Sonrakı müşahidələrimiz zamanı gördük ki, onlar suyu da yarpaq vasitəsilə içirlər. Yarpağı bakal formasında büküb su ilə doldururlar.
Primatların şüurlu olmasının daha bir parlaq nümunəsinin şahidi olduq. Belə ki, burada ana şimpanze qozu daşla qırıb yeyir. Balasına isə qozu yarıqırıq halda ötürür. Qozu qabıqlı yeyə bilməyən təcrübəsiz balaca meymun da məcburən əlinə daş alıb qoz qırmağa çalışır. Anladım ki, yaşlılar əmək təcrübəsini kiçiklərə ötürməyə çalışırlar.”


Tomasello iki ayrı-ayrı meymun qəbiləsində apardığı araşdırmalar zamanı belə nəticəyə gəlir ki, qida əldə etmək üçün düşünülüb tapılan vasitə, yamsılama yaxud digərindən götürülmə hərəkət deyil. Kibale meşəsindəki meymunlar balı nazik çubuq vasitəsilə götürürdüsə, Budonqo şimpanzeləri eyni metodu başqa vasitə ilə (iti yarpaqla) həyata keçirirdi. Hər iki hadisədə şüur elementi iştirak edir və deməli, çıxış yolu düşünüb tapma hər iki qəbilənin üzvlərində mövcuddur.
Bundan başqa Tomasello, hər bir meymun qəbiləsinin öz dili olduğu qənaətindədi.
Tomasello öz qrupu ilə birgə, hər ilin dörd ayını meymunlarla meşədə yaşamalı və təcrübələr aparmalı olur. Qalan vaxtlar isə Budonqo meşəliyindən 6000 km aralıda yerləşən Leypsiq şəhərindəki Evolyusiya və Antropologiya İnstitutunun Primatologiya bölməsində eksperimental təcrübələrini davam etdirir. Buradakı tədqiqatlar artıq qəbilə üzərində deyil, ayrı-ayrı meymunlar üzərində fərdi olaraq aparılır.
İnstitutda apardığı təcrübələrdən sonra alimin gəldiyi qənaət belədi: “Hər bir meym, eynilə insan kimi, cəmiyyət fərdidi, onların sosiallaşmadan yaşaya bilməsi mümkünsüzdü.”
Tomasellonun qeydlərindən:
“Qidanı primata göstərdim. Sonra onu qulplu parça üzlük geyindirilmiş ağır daşların altına qoydum. Meymun qulpundan tutaraq iri daşı kənara çəkib qidanı götürdü. İkinci dəfə qidanın üzərinə qoyduğum daşı ağırlaşdırdım. Meymun nə qədər çalışsa da daşı təkbaşına qaldıra bilmədi. Olay yerinə yaxınlaşdım və meymuna kömək etmək istədim. İlk əvvəl o buna razılıq vermədi, yəni mənimlə cəmiyyət qurmaq istəmədi. Mən bir az kənara çəkilib gözləməli oldum. Daşı tərpədə bilməyən meymun yardıma ehtiyac olduğunu anladı və əlimdən yapışıb məni daşa tərəf apardı. Biz birlikdə daşı qaldırdıq.

Üçüncü eksperimentin nəticəsi isə daha heyrətamiz oldu. Bu dəfə mən qidanı ağır daşın altında gizlətdim və kənarda gizləndim. Meymun daşı təkbaşına qaldıra bilməyəcəyini anlayıb köməkçi axtarmağa başladı. Mən yox idim, ona isə kömək lazım idi. O, qəsdən açıq qoyduğumuz qəfəslərin birinə yaxınlaşıb digər meymunu köməyə çağırdı. Çağırışı baş tutdu və iki meymun birlikdə daşı kənara çəkərək qidanı götürdülər. İnstitutumuzun apardığı bütün eksperimentlər bu nəticəyə gətirib çıxarır ki, meymun insanla 99 faiz eyni genlərə sahib olmaqla yanaşı, həm də insanın yeganə sosial varlıq olduğu müddəasını alt-üst edir. Tədqiqatlara, gəldiyim nəticələrə görə deyə bilərəm ki, primatlar heyvan deyil, onlar insanla eyni kökdən başlanğıc almış şüurlu növdür.”

Tomasello primatların hərəkət və davranışlarında instinktiv aktlardan daha çox, sosiallaşmanın təzahürlərini qeyd edərək, yazır:
“Primatların içərisində əqli baxımdan digərlərinə nisbətən inkişaf etmiş, yaş və şüur baxımından daha irəli getmiş fərdlər var. Onlar qəbiləyə yeni kəşflər qazandırır. Məsələn, primitiv əmək alətləri, düşməndən qorunma üsulları və s. Belə fərdlərin çox olduğu qəbilə digərlərindən daha güclüdü.
İnsan cəmiyyəti də belədir. Hamı opera yazmır və ya televizor kəşf etmir. Bizim əcdadlarımız olan primatlar təxminən 7 milyon il bundan qabaq onlardan ayrılıb. Bu parçalanma təbii, coğrafi, genetik amillərdən asılı olaraq indiyə qədər davam edir. İnsanların əcdadı olan primatlar, şimpanzelər arasında daim ayrılma, parçalanma gedir və ayrı-ayrı qəbilələr biri-birilərinin dilini başa düşmürlər.
Əminliklə deyirəm: Onlar insandı!”

Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ
Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ