A+
A–

Minsk, 5 fevral, AZƏRTAC
Fevralın 4-də MDB İcraiyyə Komitəsinin binasında Rusiya Federasiyasının Diplomatik İşçilər Gününə həsr edilən fotosərgi açılıb.
Təşkilatın mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, sərgi Rusiya Federasiyasının MDB-nin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilib.
Açılış mərasimində çıxış edən daimi nümayəndəliyin rəhbəri Andrey Şvedov bildirib ki, Rusiya Federasiyasının Diplomatik İşçilər Günü fevralın 10-da qeyd edilir. Lakin fevralın 4-də MDB iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirlikləri arasında konsultasiyanın keçirilməsi ilə əlaqədar Birlik ölkələrinin diplomatları burada bir yerə toplanıb. Odur ki, sərgini də bu tarixdə açmaq qərarına gəldik.
Daimi nümayəndəlik tərəfindən Birliyin yubiley ili üçün təşkil edilən sərgidə təşkilatın yaradılmasında və inkişafında Rusiyanın töhfəsi və iştirakı əks etdirilib. Həmçinin MDB ölkələrinin iştirakı ilə Rusiyada keçirilən yaddaqalan bəzi son tədbirlər, əsas tarixi hadisələr əks etdirilib.
Tədbirdə səfirlər, Rusiya Federasiyasının MDB-nin nizamnamə və digər orqanlarındakı daimi nümayəndələri, MDB İcraiyyə Komitəsinin rəhbərliyi, Xarici İşlər Nazirlikləri arasında konsultasiyaların iştirakçıları olublar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk