A–
Bakı, 5 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalına Gəncə şəhərlərində yekun vurulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Gəncə Dövlət Dram Teatrında Xəzəngül Hüseynovanın “Məhəbbətin qənimi” adlı tamaşasının premyerası keçirilib. Həmçinin Məhsəti Gəncəvi Mərkəzində gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun “Bir addım” və gənc rejissor Ruslan Hüseynovun “Usta Yusifin kamançası” filmləri nümayiş etdirilib.
Qeyd edək ki, beş gün davam edən festival tədbirlərində Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbinin tələbələri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının gənclər şöbəsinin nümayəndələri yaxından iştirak ediblər.
Festival çərçivəsində gənclərdən ibarət musiqi kollektivlərinin və ayrı-ayrı ifaçıların konsertləri, gənc rəssamların əsərlərindən və əl işlərindən ibarət sərgilər, yaradıcı gənclərlə görüşlər, tələbələrin foto sərgisi təşkil edilib. İlk dəfə olaraq, Bakı Turizm Peşə Məktəbinin aşpaz, qənnadıçı, barmen ixtisasları üzrə tələbələri öz bacarıqlarını nümayiş etdiriblər.
