A+
A–

Sumqayıt, 9 fevral, AZƏRTAC
Sumqayıt şəhərində milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunub.
Layihənin rəhbəri Günel Məmmədova AZƏRTAC –a bildirib ki, əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizi gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.
Layihə rəhbəri bildirib ki, bu mövzuda çəkilmiş filmlərimizin gənclər arasında təbliğinə ehtiyac duyulurdu: “Son illərdə vətənpərvərlik mövzusunda istər bədii, istərsə də sənədli filmlər çəkilsə də həmin filmlərin təbliğat işləri aparılmır. Gənclərə vətənpərvərlik hissini aşılamaq üçün “Milli hərbi vətənpərvərlik filmləri həftəsi” layihəsi ideyası ortaya çıxdı. Layihə gənclər tərəfindən maraqla qarşılandı. Gələcəkdə bu layihəni davam etdirməyə çalışacağıq”.
Milli hərbi vətənpərvərlik filmləri Sumqayıt gəncləri tərəfindən maraqla qarşılanıb