A–
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanova Tbilisi Açıq Universitetinin (TAU) fəxri doktoru diplomu təqdim olunub.
Azərbaycan Texnologiya Universitetindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı TAU-da görüş keçirilib.
Görüşdə TAU-nun rektoru, professor Nodar Papukaşvili rəhbərlik etdiyi ali məktəb ilə Azərbaycan Texnologiya Universitetinin əməkdaşlığından danışıb. Bildirilib ki, hər iki ali təhsil müəssisəsi arasında birgə elmi seminar və beynəlxalq konfransların keçirilməsi, tələbə mübadiləsi sahəsində əlaqələrin genişləndirilməsi bu münasibətlərin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcək.
Sonra N.Papukaşvili iki universitet arasında əlaqələrin genişləndirilməsinə və elmin inkişafına verdiyi töhfələrə görə professor Akif Süleymanova Tbilisi Açıq Universitetinin fəxri doktoru adının verilməsi ilə bağlı akademik şuranın qərarını elan edib.
Tədbirdə çıxış edən A.Süleymanov doktorluq diplomunun təqdim olunmasına görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Texnologiya Universiteti səmərəliliyin artırılması istiqamətində xarici universitetlərlə əlaqələrin qurulmasına və bu sahədə müxtəlif ölkələrin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Səfər çərçivəsində Akif Süleymanov TAU-nun tələbələri ilə də görüşüb.
