A–
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Venesuela Prezidenti Nikolas Maduro milli televiziyanın efirində ölkədə Zika virusuna yoluxan 3 nəfərin öldüyünü bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Venesuelada 319 yoluxma halı qeydə alınıb. Bununla yanaşı, N.Maduro ölkənin müalicə üçün lazımi dərmanları əldə etdiyini bildirib və xəstəliklə mübarizədə onlara yardımçı olan Hindistan, Kuba, Çin, İran və Braziliya səfirliklərinə təşəkkür edib.
Zika virusu ilk dəfə 1947-ci ildə Uqandada aşkarlanıb. Bundan sonrakı 60 ildə Afrika və Cənub-Şərqi Asiyada cəmi 15 yoluxma halı baş verib. Hazırda isə epidemiya bütün Latın Amerikası ölkələrinə təhlükə yaradıb. Virusun yayılma ocağı bu il yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliya olub. Bununla əlaqədar hökumət hamilə qadınlara oyunlara gəlməməyi tövsiyə edib.
Hazırda Zika virusuna qarşı nə dərman, nə də vaksin mövcud deyil. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, belə bir vaksinin hazırlanması ən tez bir ildən sonra mümkün olacaq.