A–
Tokio, 13 fevral, AZƏRTAC
Yaponiya və Kanada Koreya Xalq Demokratik Respublikasının (KXDR) bu yaxınlarda keçirdiyi nüvə sınağını və raket buraxılışını kəskin pisləyiblər. Kyodo agentliyinin yaydığı məlumata əsasən, bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişidanın kanadalı həmkarı Stefan Dionla keçirdiyi görüşdən sonra imzaladıqları birgə bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, iki ölkənin xarici işlər nazirlikləri Şimali Koreya tərəfindən keçirilmiş nüvə sınağını və raket buraxılışını kəskin pisləyirlər: “Şimalın həyata keçirdiyi təxribatlar bütün dünyada sülhə və təhlükəsizliyə çox böyük təhdiddir və ölkənin BMT Təhlükəsizlik Şurası qarşısında öhdəliklərinin birbaşa pozulmasıdır. Şimali Koreya insan hüquqlarının pozulmasını dayandırmalı və oğurlamış vətəndaşlar məsələsi ilə bağlı problemlərin həllinə yardım etməlidir”.
Yaponiyanın və Kanadanın xarici işlər nazirləri, həmçinin dənizdə yaranan qarşıdurmaların sülh yolu ilə beynəlxalq qanunlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar: “Biz Asiya-Sakit okean regionunda status- kvonun güc vasitəsilə dəyişdirilməsinə yönələn istənilən cəhdi kəskin mühakimə edirik”.
Aparılan danışıqlar əsasında tərəflər “böyük yeddiliyin” (G7) xarici işlər nazirlərinin görüşünün, o cümlədən cari ilin yazında Yaponiyanın qəbul edəcəyi sammitin özünün yüksək səviyyədə təşkilinə yardım etmək barədə razılığa gəliblər. F.Kişida bildirib ki, tərəflər sıxılmış qazın Kanadadan Yaponiyaya çatdırılması barədə razılaşmanın da tezliklə həyata keçirilməsinə çalışacaqlar. Xarici siyasət idarələrinin rəhbərləri, həmçinin iki ölkə arasında “qarşılıqlı maraqlara, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən” əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio