A+
A–

Bakı, 13 fevral, İ.Əsədov, G.Məlikova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunan “Sabahın alimləri” beşinci respublika müsabiqəsi başa çatıb.
Müsabiqənin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
AZƏRTAC xəbər verir ki, fevralın 13-də AMEA-nın əsas binasında müsabiqənin yekununa həsr olunan tədbirdə çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıblar.
Eyni zamanda, məlumat verilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak ediblər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşdirilib.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Münsiflər heyəti tərəfindən seçilən üç layihənin müəllifləri cari ilin mayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF müsabiqəsində iştirak edəcəklər.