A+
A–

Hamburq, 13 fevral, AZƏRTAC
Avropa İttifaqının sammiti ərəfəsində AFR kansleri Angela Merkel Hamburq ratuşasında ənənəvi bayram şam yeməyi zamanı Britaniyanın baş naziri Devid Kemeronla görüşüb. Görüş zamanı Angela Merkel Devid Kemeronu Avropa İttifaqında Böyük Britaniyanın fəal rolunu qoruyub saxlamağa çağırıb.
Merkel Birləşmiş Krallığın bundan sonra da Avropa İttifaqının fəal üzvü olaraq qalacağına ümid etdiyini bildirib. Kanslerin fikrincə, Böyük Britaniya ilə kompromisə nail olmaq şansı var, əvvəlki danışıqlar bu cür saziş əldə ediləcəyinə ümid verir.
Devid Kemeron isə öz növbəsində vurğulayıb ki, Böyük Britaniyanın Aİ-də üzv kimi qalıb-qalmaması zəruri islahatlar aparılmasından asılıdır. Britaniyalı baş nazir deyib: “Əgər biz birlikdə buna nail olsaq, mən Böyük Britaniyanın yeni şərtlər daxilində Aİ-də qalmasını tam qətiyyətlə tövsiyə edəcəyəm, lakin əgər islahatlar keçirilməsə, “Brexit” məsələsini gündəlikdən çıxarmaq olmaz”.
Xatırladaq ki, Devid Kemeron Böyük Britaniyanın Aİ-də üzvlüyü məsələsinə dair 2017-ci ilin sonundan gec olmayaraq referendum keçirmək niyyətindədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Hamburq