A–
Bakı, 15 fevral, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ölkəmizdə ilk dəfə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına biletlərin qiymətlərində bahalaşmanın olmasına dair bəzi saytlarda yer alan və həqiqəti əks etdirməyən məlumatlarla bağlı açıqlama yayıb.
Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, biletlərin qiyməti dollar əsasında təyin edilib. İndiyədək qiymətlərdə hər hansı dəyişiklik olmayıb.
Bilet satışının aparıldığı sayta (https://tickets.bakucitycircuit.com) Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir.
Azərbaycan Respublikası vətəndaşları üçün qiymətlərdə xüsusi endirimlər (20-40 faiz) tətbiq edilib. Biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) arasında dəyişir. 19 dollarlıq bilet yarış məkanına bir, digər biletlər isə üç günlük giriş icazəsi verir. Üç günlük biletə sahib olanlar, eyni zamanda, yarış həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.