A+
A–

Qahirə, 15 fevral, AZƏRTAC
Keçən il oktyabr ayında Sinay yarımadasında qəzaya uğramış Rusiyaya məxsus “A321” təyyarəsinin bütün qalıqları Qahirəyə çatdırılıb. Misirin mülki aviasiya naziri Hüsam Kamal bu barədə məlumat verərək dəqiqləşdirib ki, təyyarə qalıqlarının Qahirə beynəlxalq aeroportuna gətirilməsi həmin qalıqların daha diqqətlə öyrənilməsinə kömək edəcək.
Avtomatik səsyazma qurğularının qeydə aldığı məlumatlar əlavə tədqiqat üçün fevralın 22-də Almaniyaya göndəriləcək.
Xatırladaq ki, Rusiyaya məxsus “A321” təyyarəsi keçən il oktyabrın 31-də Şarm-əl-Şeyx – Sankt-Peterburq reysi ilə uçarkən Sinay səmasında qəzaya uğrayıb. Qəza nəticəsində bütün ekipaj və təyyarədəki 224 sərnişin həlak olub. Qəzanın səbəbləri xüsusi istintaq komissiyası tərəfindən təhqiq edilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə