A–
Bakı, 15 fevral, Elşad Qəzvini, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda çempionatın debütantı “Zirə” doğma meydanda autsayder “Rəvan” klubunu qəbul edib. Əsasən ev sahibi komandanın üstünlüyü ilə keçən qarşılaşmada qələbə qazanmaq “Zirə” üçün elə də asan olmayıb. Adil Şükürovun komandasından Nelson Bonilla oyunda dubla imza atıb. Hücumçu 22-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb -1:0. Birinci hissənin qalan dəqiqələrində isə qapılara top vurulmayıb. İkinci hissəyə də fəal başlayan ev sahibləri imkandan yararlana bilməyiblər. Əvəzində “Rəvan” hesaba tarazlıq gətirib.
Matçın sonuna yeddi dəqiqə qalmış Yamin Ağakərimzadənin gözlənilməz zərbəsi Çimenzi Embahın əlinə dəyərək istiqamətini dəyişib və “Zirə”nin qolkiperi Anar Nəzirovla əks tərəfə istiqamətlənib – 1:1.
Lakin qonaqlar bərabərliyə sevinə bilməyib. Sürətlə hücuma atılan Zirə təmsilçisi qonaq müdafiəçinin əllə oyununa görə təyin olunan penaltini qola çevirib. Bonilla 86-cı dəqiqədə dublunu rəsmiləşdirib. Matç 2:1 hesabı ilə “Zirə”nin xeyrinə başa çatıb.
Beləliklə, bu qələbə sayəsində xalını 38-ə çatdıran meydan sahibləri turnir cədvəlində ikinci pillədəki yerini möhkəmlədib və lider “Qarabağ”la xal fərqini yenə altıya endirib. “Rəvan” isə səkkiz xalla autsayderliyini davam etdirir.