A+
A–

Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Apellyasiya Şurasının yaradılmasından sonra energetika nazirinin müvafiq əmrləri ilə “Energetika Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə, həmçinin şuranın və onun katibliyinin tərkibinin təsdiq edilməsi barədə məlumat verilib. İclasda şuranın fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən bəhs edilib.
Bununla yanaşı, Apellyasiya Şurasının və onun katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılmasında səmərəliliyin təmin edilməsi və şurada baxılacaq şikayətlərin məzmun üzrə təsnifatlaşdırılması meyarlarının müəyyən olunması məsələləri ətrafında müzakirələr aparılıb. Şuranın qarşısında duran vəzifələr müəyyənləşdirilib.
Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasına energetika nazirinin müavini Gülməmməd Cavadov rəhbərlik edir. Yeddi nəfərdən ibarət şuranın tərkibinə nazirliyin müvafiq şöbələrinin məsul əməkdaşları daxildir.
azertag.az: Energetika Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib