A–
Bakı, 17 fevral, AZƏRTAC
Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytı (www.lecarrefour.az) fəaliyyətə başlayıb.
Qəzetin təsisçisi və baş redaktoru, jurnalist Zeynab Kazımova AZƏRTAC-a bildirib ki, saytın yaradılmasının məqsədi fransızdilli oxuculara ölkəmizlə bağlı gündəlik məlumatın verilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Qeyd olunub ki, qəzetin Fransanın TV5 Monde telekanalı və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əməkdaşlığı var. Z.Kazımova deyib ki, fəaliyyətimiz keçən il Milli Mətbuatımızın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşündəki çıxışında vacib saydığı xarici media resursları ilə daha sıx əlaqələrin qurulmasına və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının yaradılmasına yönəlib. “Yol qovşağı” (Le Carrefour) qəzeti doqquz ildir ki, fəaliyyətini məhz bu istiqamətdə konkret addımlar atmaqla qurub. Belə ki, Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan olan bu qəzet 2007-ci ilin mayından fəaliyyət göstərir. Qəzetin yaradılmasının əsas məqsədi Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərini, həmçinin mədəni irsini təbliğ etməkdir. Qəzet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.
Bildirilib ki, “Yol qovşağı” (Le Carrefour) qəzeti Azərbaycan ilə Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələrin inkişafına kömək göstərmək, fransızlari və fransızdilli oxucuları ölkəmizin sosial-ictimai həyatında baş verən mühüm hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə ölkəmizlə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq, respublikamızı tanıtmaq, onun tarixi, mədəniyyəti, musiqisi, gəzməli-görməli yerləri, təbiəti ilə bağlı məqalələr verməklə milli mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını üzərinə götürüb.
Qeyd edək ki, “Yol qovşağı” (Le Carrefour) qəzetinin təşəbbüsü və təşkilatçılığı, Mətbuat Şurasının dəstəyi ilə “Azərbaycanda xaricidilli KİV-lərin durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa”lar keçirilib. Həmçinin bu ilin yanvarında Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsini anma günü ilə əlaqədar tədbir təşkil olunub.
azertag.az: Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin saytı fəaliyyətə başlayıb
