A–
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlərin ikinci hissəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək çap olunmuş 16 broşürun əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan musiqişünaslar haqqında da məlumatlar yer alıb. Bildirilib ki, broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Rəna Məmmədova və başqa bəstəkarlar və onların əsərləri haqqında məlumatlar yer alıb.
Tədbir çərçivəsində rus dilində yenicə çapdan çıxmış və tərtibçi-redaktoru Əməkdar İncəsənət Xadimi Nərgiz Şəfiyeva olan “Qara Qarayev - tələbələrin xatirələrində” kitabının da təqdimatı keçirilib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək əlaqələndiricisi olduğu layihədən söz açaraq bunun gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Vurğulanıb ki, “Şərq-Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərda bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir. Bu gün onlar tədris üçün də böyük əhəmiyyətə malikdir.
Bəstəkarlar İttifaqının katibi Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, AMEA-nın müxbir üzvi, professor Rəna Məmmədova və Əməkdar İncəsənət Xadimi Nərgiz Şəfiyeva çıxış edərək layihənin əhəmiyyətindən və tədris prosesində istifadə qaydalarından bəhs ediblər.
AZERTAG.AZ :“Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə çap olunmuş broşürlər təqdim olunub





