Bakı. Trend:

Litva Respublikasının yenidən qurulmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasında təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan-Litva hökumətlərarası Komissiyasının üzvləri, Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edərək ölkəsinin ötən illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazandığını və hazırda Litvanın dünya ölkələri arasında layiqli yer tutduğunu vurğulayıb.

Diplomat bildirib ki, Litva və Azərbaycan daha sıx əlaqələrin qurulması məqsədilə mədəniyyət, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq edir, enerji layihələrini inkişaf etdirir və ticarət sahəsində əməkdaşlıq münasibətlərini daha da genişləndirir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov əlamətdar gün münasibətilə Litva xalqını təbrik edərək, ona əmin-amanlıq və firavanlıq arzulayıb. V.Ələsgərov bildirib ki, iki ölkə arasında həmişə səmimi münasibətlər olub və bu əlaqələr müstəqillik bərpa olunandan sonra daha sürətlə inkişaf etməyə başlayıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Litvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayan V.Ələsgərov Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın fəaliyyətinə də toxunaraq, Komissiyanın ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycan və Litva arasında energetika, nəqliyyat, investisiya layihələrində əməkdaşlıq genişlənir, ticarət dövriyyəsi artır. Mütəmadi olaraq biznes forumlar keçirilir, təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür, ölkələrin regionları və şəhərləri arasında yeni münasibətlər qurulur.

Bildirilib ki, qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı hörmətə və faydalılığa əsaslanan maraqlar və xalqlarımız arasında gözəl münasibətlər var.

Sonra tədbirdə Litva Respublikasından dəvət olunmuş akkordionçu Martynas Levitskisin iştirakı ilə Litvanın milli musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Bizi Twitter-dən izləyin: @trend_az