A+
A

Bakı, 19 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə iki matç oynanılacaq. Sumqayıtın eyniadlı komandası AZAL-ı qəbul edəcək. Komandalar ölkə çempionatında bu günədək on səkkiz dəfə qarşılaşıblar. Bu görüşlərdən üçü “Sumqayıt”ın, yeddisi isə AZAL-ın qələbəsi ilə başa çatıb. Qalan səkkiz oyunda isə bərabərlik qeydə alınıb. Qış fasiləsindən sonra qələbəyə həsrət qalan Samir Abasovun komandası doğma meydanda qalib gəlməklə uğursuz seriyaya son qoymaq niyyətindədir. Bu halda Sumqayıt təmsilçisinin ən yaxın qonşusu olan AZAL ilə xal fərqi dördə bərabər olacaq. AZAL isə səfər qələbəsi sayəsində altıncı pillədə yer alan “Neftçi” ilə xal fərqini minimuma endirəcək.
Turun mərkəzi görüşündə lider “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Komandalar ölkə çempionatında bunadək 62 dəfə qarşılaşıblar. Bu oyunlarda kiçik üstünlüyə malik “Qarabağ” cari mövsümdə rəqibinə qalib gəlməyib. “Neftçi” isə Qurban Qurbanovun yetirmələrini beş oyundur səfər görüşündə məğlub edə bilmir. Prinsipial matçda Ağdam təmsilçisi üç xal sayəsində liderlik mövqeyini möhkəmlədəcək. Sevinən tərəf “Neftçi” olarsa, ilk beşlikdə qərarlaşacaq.
AZERTAG.AZ :Azərbaycan Premyer Liqasında XXII turun daha iki oyunu keçiriləcək