A–
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə fevralın 23-də “Azərbaycanın məruz qaldığı itkilərin qiymətləndirmə metodologiyasının müzakirəsi, qiymətləndirmə fəaliyyətinin təşkili və mövcud problemlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif tarixi mərhələlərdə Azərbaycanın məruz qaldığı zərərin ödənilməsi prosesinə yanaşılması qaydaları, itki və tələfatların müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin deputatı, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri Xanhüseyn Kazımlı qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun layihəsinin hazırlandığını bildirib. Qeyd edib ki, bu layihəyə 34 nazirlik və komitə müsbət rəy verib.
Tədbirdə digər çıxış edənlər işçi qrupun tərtib etdiyi hesabatda istifadə olunan metodologiyanın üstünlüklərindən danışıblar. Bildirilib ki, hesablamalar Qarabağ müharibəsi nəticəsində məqsədli işğalın və talanların nəticələrinə əsaslanaraq aparılıb. Əldə olunan rəqəmlər dövlətlərarası sülh müqaviləsi imzalanarkən korrektə olunacaq, Ermənistanın Azərbaycana hansı məbləğdə təzminat ödəməsi beynəlxalq məhkəmələr vasitəsilə razılaşdırılacaq.
Tədbirdə, həmçinin qiymətləndirmə fəaliyyətinin təşkili və bu xidmət sahəsinin mövcud problemləri müzakirə edilib, müxtəlif fikir və təkliflər səsləndirilib.
Sonda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən ölkə Prezidentinə müraciət qəbul edilib.
AZERTAG.AZ :Qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb