A+
A–

Bakı, 23 fevarl, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) elmi şuranın növbəti iclası keçirilib.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev institutun struktur bölmələrinin cari il üçün fəaliyyət planlarının təsdiqi barədə məlumat verib, şöbələrdə informasiya texnologiyalarının ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparıldığını diqqətə çatdırıb. Görüləcək işlərdən, həyata keçiriləcək layihələrin əhəmiyyətindən söz açan direktor əməkdaşların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunan yüksək elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında əksini tapması və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində işlərin aparılmasının zəruriliyindən danışıb.
Sonra şöbələrin 2016-cı il üçün fəaliyyət planları elmi şura tərəfindən təsdiqlənib.
R.Əliquliyev qeyd edib ki, son illər AMEA-nın elmi müəssisə və təşkilatlarında aparıla islahatlara uyğun olaraq, institutda fəaliyyət göstərən doktorant və dissertantlarla iş şöbəsinin adı dəyişdirilərək təhsil şöbəsi adlandırılıb. Akademik cari ildə institutun təşkilatçılığı ilə keçiriləcək respublika elmi-praktiki konfranslarının yüksək səviyyədə təşkilinə dair təklif və tövsiyələrini bildirib.
AZERTAG.AZ :İnformasiya texnologiyaları üzrə elmi-tədqiqatlar aparılır