Bakı, 16 fevral, AzərTAc
“Baku HOG Azerbaijan” klubu 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar yeni aksiyaya başlayıb.
AzərTAc ANS TV-yə istinadla xəbər verir ki, ermənilərin Azərbaycanda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə klubun baykerləri əvvəlcə Şamaxıya yürüş ediblər. Yürüş iştirakçıları Şamaxının Hacıdərə ərazisində 130 türk şəhidinin şərəfinə ucaldılan abidəni ziyarət ediblər.
“Baku HOG Azerbaijan” klubunun üzvü Anar Quliyev aksiya ilə bağlı bildirib ki, Hacıdərə ərazisi Azərbaycan xalqı üçün çox müqəddəs məkanlardan biridir. Azərbaycanın və Türkiyənin qəhrəman əsgərləri məhz bu yerdə ölkəmizin müstəqilliyini qorumaq üçün canlarını fəda ediblər. Məqsədimiz Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların ruhunu yad etməkdir.