Sənət adamları hansı qəzet və müəllifləri oxuyur? Onlar üçün internet yoxsa çap mediasını izləmək rahatdır?

Axşam.az-ın məlumatına görə, musavat.com sənət adamları arasında sorğu keçirib və onların izlədiyi mətbu orqanların adını öyrənib.

Xalq artisti Afaq Bəşirqızı eyni məlumatın bütün mətbuatda fərqli başlıqla yayımlanmasının əleyhinədir:

“Daha çox xəbər portallarını izləyirəm. Qəzetlərdən “Yeni Müsavat”ın xəbərlərini və bədii kitabları oxuyuram. Mətbuatdan narazılığım da var. Təəssüflər olsun ki, bir çox jurnalist həyatımızı şouya çevirib. Xəbər başlığının hamısı şou xarakterlidir, “Şok, şok” sözləri ilə diqqət çəkməyə çalışırlar. Xəbəri açıb oxuyanda heç bir məna kəsb etmədiyini görürsən. Bir mövzunu bütün xəbər portalları fərqli başlıq və fotolarla yayımlayır. Bu cür zəhlətökən xəbərlər milli mentaliteti, səviyyəni aşağı salır. Bir çox mətbu orqanların əvəzinə xəcalət çəkirəm”.

Xalq artisti Rasim Balayev bildirib ki, daha çox rus qəzetlərini oxuyur:

“Komsomolskaya Pravda”, “Arqumentı i faktı” hər zaman oxuduqlarımdır. Xüsusi izlədiyim müəllif yoxdur. Bəzən isə “Azadlıq” qəzetində yayımlanan xəbərlərə baxıram”.

Xalq artisti Bilal Əliyev isə qeyd edib ki, əsasən onlayn medianı izləyir:

“Qəzet oxusam da, əsasən, xəbər portallarını izləyirəm. Onlar arasında fərq qoymuram, çalışıram ki, daha çox məlumat toplayım. Təbliğat düzgün qurulmalıdır. Xəbərlər elə təqdim olunmalıdır ki, ağıllı insanlar da dəli olmasın, gedib pis işlərə qoşulmasın”.