Onunla bu il Türkiyədə Xocalı tədbirlərini başa vurub geri dönərkən, fevralın 26-sında təsadüfən rastlaşdıq. İstanbulun Kadıköyündəki alış-veriş mərkəzində baş tutan ilk təmasda türk olmadığını anladım. Millətini soruşanda erməni olduğunu dedi və "fürsətdir" deyib onu söhbətə çəkməyə çalışdım.
Arzuni Erzurumluoğludur haqqında bəhs edilən adam. Ata-babası vaxtilə Ərzurumdan Kayseriyə, oradan da İstanbula - Kadıköyə köç edib. Deyir, ailəsi Türkiyəyə bağlıdır, başqa yer tanımır. "Mən türk məktəbində təhsil aldım, 20 aylıq əsgərliyimi 1969-cu ildə burada - Edremitdə çəkdim. Türkiyə bizimçün Vətən, torpaq deməkdir, hər şeyimizlə buraya bağlıyıq".
Milli.Az musavat.com-a istinadən bildirir ki, Arzuni indiyə qədər Ermənistana ayaq basmayıb. Səbəbini soruşduqda bir az da qəzəbli şəkildə "istəmədim" deyir.
Türkiyədən isə heç bir pislik görmədiyini bildirir. Bu gün Türkiyədə 70 min erməni yaşayır. Etiraf edir ki, erməni olduğu üçün kimsə ona qarşı ayrı-seçkilik etmir: "Türk qardaşlarımıza münasibət necədirsə, mənə də elədir. Burada, Kadıköydə erməni çoxdur. Amma Türkiyə vətəndaşıdır, normal işləyir, yaşayırlar".
Ermənilərin Türkiyəyə qarşı "soyqırım" iddialarına münasibətini soruşuram. Deyir: "Zamanında bir sıxıntı olub, keçib. Onları unutdum getdi, mən indiyə baxıram". 1-1,5 milyon erməninin guya qətlə yetirildiyi barədə iddialara isə inanmır: "Şişirdirlər. Bu tərəf də, o tərəf də qarşılıqlı şəkildə nələrsə edib, lakin mən indi onun hesabını verə bilmərəm. 100 il əvvəlki davadan mən necə danışım, gözümlə görmədim ki. Onu bilirəm ki, babalarım əsrlərdir burada yaşayıblar, erməni olduqları üçün onlara qarşı heç bir pislik olmayıb. 68 yaşındayam, mən bir pislik görməmişəm".
Ermənistanla Türkiyənin barışmasının tərəfdarıdır: "Hamı barışır, Amerika ilə İran da barışdı. Düşmənçilikdən bir şey çıxmaz". Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiası ilə çıxış etməsinə gəldikdə, A.Erzurumoğlu "boş verin, bunlar hamısı boş xəyallardır" deyir. Ermənistanın on illərdir Azərbaycan torpaqlarını işğalda saxlamasına münasibətini soruşuram. "Qarabağın işğalından xəbərim var. Amma mən onları (Ermənistanı) qəbul etmirəm, tanımıram, mən Türkiyə Cümhuriyyətini tanıyıram. İstəmərəm ki, kimsə başqasının torpağını işğal etsin. İstəyirəm ki, hər kəs öz torpağına, öz haqqına sahib çıxsın", - söyləyir. Əlavə edir ki, Ermənistan və Azərbaycana səfər seçimi qarşısında qalsa, Azərbaycanı seçərdi.
Erməni həmsöhbətim Ermənistanın törətdiyi Xocalı soyqırımından da xəbərdardır. O dəhşətləri xatırladıqca başını bulayır: "Orada baş verənlər insanlıq deyil, barbarlıqdır" - deyir. Ardınca isə ayağa qalxıb "İnşallah, münasibətlər düzələr, ölkələrimiz barışar, bu pisliklərə son qoyular", - söyləyib ayrılır.
Bu, bir sadə erməninin "Böyük Ermənistan" iddialarına, işğalçılıq siyasətinə mümkün etirazıdır. Ehtiyatlılığı da anlaşılandır. İddialara görə, Türkiyə ermənisi, jurnalist Hrant Dink məhz Ermənistanın iddialarına qarşı çıxdığına görə ermənilərin əli ilə aradan götürülüb. Təbii ki, digər ermənilərə dərs olmaq üçün.
Azərbaycan dövləti və ictimai-siyasi təşkilatları daim erməni yalanlarının ifşası, Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünyaya yayır. Ancaq Azərbaycan həqiqətləri hansısa bir qeyri-azərbaycanlı tərəfindən deyiləndə bu, daha effektiv olur. Necə ki, 2013-cü ildə Moldova ombudsmanı Aureliya Qriqoriu İrəvanda keçirilən beynəlxalq konfransda Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqrım törətməkdə günahlandırmışdı və bu, erməni təbliğatını alt-üst edən bir çıxış oldu. Bu prosesdə ermənilərin özlərinin ədalətli mövqedən çıxış etməsi, onların erməni lobbisinin və Sərkisyan rejiminin yalanlarını ifşa etməsi isə daha böyük səs-küyə səbəb ola bilər.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması prosesinə Bakı ermənilərini də qoşmaq lazımdır. Axı biz vaxtaşırı Ermənistanda bir türkün yaşamadığı halda, paytaxtımızda 30 min erməninin yaşadığını deyirik. Elə isə nədən onları publika qarşısına çıxarmayaq, onların "biz burada rahat yaşayırıq, Qarabağ erməniləri də heç nədən qorxmasın, Azərbaycan vətəndaşlığını qəbul etsinlər" mesajlarını yaymayaq? Hətta Bakı ermənilərini birləşdirən bir QHT-nin yaradılması da müzakirə mövzusu ola bilər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bunu mümkün sayır: "Əgər Bakıda yaşayan ermənilər ictimai birlik yaratmaq istərlərsə, qısa müddətdə qeydiyyata alınar və dövlətin himayəsində ola bilərlər. Mən şura adından tam zəmanət verirəm ki, dövlət onlara istənilən dəstəyi verməyə hazırdır və verəcək. Yetər ki, onlar təşkilatlansınlar və sülh prosesinə, işğalın aradan qaldırılması işinə öz töhfələrini versinlər. Belə bir birlik prosesin irəli getməsinə yardımçı olar, sülhyaratma prosesində həm Azərbaycan, həm Ermənistan hakimiyyətləri, həm də Dağlıq Qarabağda yaşayan bizim erməni vətəndaşlarımız arasında rolunu oynaya bilərlər".
A.Quliyev Qarabağ ermənilərinin yaratdıqları QHT-lərin maliyyələşdirilməsini də mümkün sayır. Bir şərtlə ki, onlar Azərbaycan dövlətinə tabe olduqlarını rəsmiləşdirsinlər: "Azərbaycan dövləti Qarabağ ermənilərinin istənilən müraciətinə cavab verməyə hazırdır. QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq biz deyə bilərik ki, orada bizim qanunvericiliklə QHT-lər yaradılmadığı üçün biz onların legitimliyini qəbul etmirik. Amma əgər vətəndaş qrupları hər hansı formada bizə müraciət etsə, yaxud bizim QHT-lər vasitəsilə əməkdaşlıq təklif etsələr, şura böyük məmnuniyyətlə onlara dəstək verməyə hazırdır. Bu da sülhyaratma, yaxud etimadyaratma missiyasına əlavə töhfə olar. Münaqişənin həll olunması təkcə Azərbaycanın strateji maraqlarının təmin olunması demək deyil, həm Qarabağ ermənilərinin istibdaddan qurtulması deməkdir".
2015-ci ilin sentyabrında Azərbaycana keçən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan indiyədək Bakıda ailəsinə ilə sərbəst yaşayır, hətta şəhər gəzintisinə çıxır. Bu, sadə məsələ deyil. Ermənilər düşünməlidirlər ki, Ermənistanda bir nəfər türk yaşamadığı halda, Vaan Azərbaycan paytaxtında sərbəst yaşayır. Deməli, işğala son verilməsi onların xilasına aparar.
Elə bu günlərdə Fransada qondarma "erməni soyqırımı" barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu Xocalı faciəsi ilə bağlı maraqlı faktlar açıqlayıb. Məlum olub ki, Kanadada yaşayan erməni əsilli Stardiyan Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat yolu ilə çıxarıb və Avropa, ABŞ-a satıb. Erməni jurnalist Avtor Vahram isə yazıb ki, artıq Ermənistanda əhalinin sayı 2 milyondan azdır. O qeyd edib ki, Dağlıq Qarabağdan qaçan ermənilər ölmək istəmədiklərini bildirirlər. "Qarabağda insanlara casus damğası vurmaq çox asandır. Əgər kimsə nəyəsə etiraz edirsə, onu asanlıqla Azərbaycanın agenti elan edib həbs edə bilərlər. Sanki bu ərazilər bilərəkdən boşaldılır. Amma bunun Azərbaycanın xeyrinə olduğunu da dərk etmirlər". Bu faktlar əsas verir ki, Azərbaycan işğal zonasında yaşayan erməni vətəndaşlarının da məsələsini beynəlxalq təşkilatların masasına çıxarsın.
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bu mövzunu daim diqqətdə saxladıqlarını deyir. Diplomat Qarabağdakı erməni xalqını çıxış yolları aramağa çağırdı: "Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasət nəticə etibarilə erməni xalqını keçmişin əsirinə və qurbanına çevirib. Ermənistanın öz içərisində gedən proseslər və ölkədəki sosial, iqtisadi və demoqrafik vəziyyətin gərginləşməsini bilavasitə münaqişə ilə bağlayan səslər Ermənistanın içərisində heç də az deyil. Hətta Ermənistanın bu vəziyyətdən çıxışının məhz Azərbaycan və digər qonşu dövlətlərlə normal əməkdaşlıqda görən ermənilər də kifayət qədərdir. Sadəcə, hərbi diktatura rejiminin mövcud olduğu ölkədə o səslər boğulur. Azərbaycanın işğal olunmuş ərazilərində isə tamamilə sərt mühit mövcuddur. Orada kiminsə öz iradəsini ifadə etməsinə heç bir halda imkan verilmir".
AŞ PA-nın qış sessiyasında Azərbaycan torpaqlarının işğalını təsdiqləyən qətnaməyə səs verənlərdən biri də Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni Markar Yesayan oldu. Bu kimi faktların artması isə erməni yalanlarının alt-üst edilməsi baxımından çox faydalıdır. Milli Məclisin sədr müavini Bahar Muradova deyir ki, biz belə hallarda özlərində cəsarət tapıb ədalətli mövqelər sərgiləyən erməniləri stimullaşdırmalı, onları alqışlamalıyıq: "Ermənistanın öz içərisindən işğal faktına vətəndaş etirazlarının təşkilinə çalışmaq lazımdır. Biz gedib başqa ölkələrin nümayəndələrini öz həqiətlərimizə inandırıb məsələnin həllinə cəlb etmək istəyiriksə, ermənilərin özləri bu prosesin içərisində olsa, görün bu, nə qədər effektiv və faydalı olar". B.Muradova Bakıda yaşayan ermənilərin də bu prosesdə iştirakını faydalı sayır: "Yəqin ki, onların Ermənistanda, ya Qarabağda yaşayan qohumları da var, qoy onlara müraciət etsinlər, desinlər, sizi yanlış yola yönəldiblər, qonşu ilə ömürlük düşmənçiliyə vadar ediblər, bundan əl çəkin! Onlar indiki məqamda üzə çıxmaqdan ehtiyat edirlər. Amma əgər biz öz mətbuatımızda onlara öz adamlarımızdan loyal münasibət alıb sərgiləyə bilsək, Bakı ermənilərinin də səslərini eşidə bilərik".
Bu prosesdə icmaların da rolundan yararlanmaq lazımdır. Düzdür, 2010-cu ildə Azərbaycan və erməni icmalarının görüşləri ilə bağlı təşəbbüslər olmuşdu. O zaman Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə Şuşa və Xankəndidə icma təmsilçiləri arasında görüşlər keçirildi. Lakin sonradan Ermənistan bu görüşlərin də qarşısını aldı və Azərbaycan və erməni icmasının görüşlərinə son qoyuldu.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov da təsdiqləyir ki, dəfələrlə təşəbbüslər olsa da, Qarabağın erməni icması görüşdən yayınır: "Dağlıq Qarabağda yaşayan ermənilərin hamısının ürəyi gedir ki, bizimlə birgə yaşasınlar. Özü də Dağlıq Qarabağda çox az sayda erməni qalıb, gənclərin hamısı qaçıb gedib. Biz Azərbaycan icması olaraq dəfələrlə görüşmək istəmişik. Ancaq Sərkisyan hakimiyyəti buna imkan vermir. Dağlıq Qarabağda terror təhdidi altında yaşayan ermənilərdən fərqli olaraq, Bakıda 30 mindən çox erməni sərbəst yaşayır".
Erməni Araşdırmalar Mərkəzinin başqanı, Erciyez (Kayseri) Universitetinin professoru Qafar Çaxmaqlı deyir ki, müasir Ermənistanda yazarlardan Hrant Matevosyan, Vahe Avetyan, Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin rəhbəri Georgi Vanyan, QHT rəhbəri Karen Ohancanyan Xocalı soyqırımını tanımaq tərəfdarıdırlar. V.Avetyan və K.Ohancanyan rəsmən üzr istəyiblər. H.Matevosyan Qarabağ məsələsini Azərbaycanın həll etməli olduğunu söyləyirdi, yəni "bu, bizim məsələ deyil" deyirdi. "Dolayısı ilə bu, o demək idi ki, bu torpaqların sahibi Azərbaycandır. Bu adamlar hər zaman basqı altında olmuşlar. Hətta onlar Ermənistandan qovulmuşlar. Avetyan siyasi mühacirdir", - Q.Çaxmaqlı əlavə edir.
Bu kimi mövqelər artdıqca Arzuni Erzurumluoğlu kimi sadə ermənilər daha cəsarətlə onları bəlaya salan erməni hakimiyyətini və erməni lobbisini lənətləyəcəklər. Kim bilir, bəlkə, elə bir gün bu etirazlar Xankəndidə də eşidiləcək.
Milli.Az