A–
Bakı, 5 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma keçiriləcək. Açılış oyununda “Xəzər-Lənkəran” AZAL komandasını qəbul edəcək. Lənkəranda baş tutacaq görüş hər iki komanda üçün əhəmiyyət daşıyır. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda səfərdən üç xalla dönəcəyi təqdirdə xal ehtiyatını 32-yə çatdıracaq və ən yaxın izləyicisi “Neftçi”ni bir xal qabaqlayacaq. Lənkəran təmsilçisi isə Azərbaycan kuboku yarışlarında uğurlu çıxışını çempionatda da qələbə ilə başa vurmaq niyyətindədir. Son 4 qarşılaşmada rəqibinə qalib gələn “Xəzər-Lənkəran” ardıcıl on bir ev oyununda meydanı qolsuz tərk etməyib. Doqquz görüşdə isə qonaq komanda qələbə qazana bilməyib.
Digər oyunda “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gələcək. Son səkkiz qarşılaşmada “Neftçi” rəqib komandaya qalib gəlməyib. Dörd matçdan “Qəbələ” 3 xalla ayrılıb. Qonaqlar turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmaq üçün çətin səfərdən qələbə ilə dönməlidirlər. Avrokuboklara iddialı olan “Neftçi” isə doğma azareşlər qarşısında xal qazanmalıdır. Paytaxt təmsilçisi qalibiyyət sayəsində 34 xalla ən yaxın qonşusu - “Kəpəz”i bir xal qabaqlamaqla beşinci pilləyə yüksələ bilər.
"Sumqayıt" klubu “İnter”lə münasibətlərə aydınlıq gətirəcək. Üçüncülük iddiasında olan “İnter” səfərdən qələbə ilə ayrılmaq istəyir. Maraqlıdır ki, “İnter” rəqibi üzərində qələbəni sonuncu dəfə 2014-cü ilin avqustunda qazanıb. “Sumqayıt" isə AZAL-la xal fərqini minimuma endirmək üçün evdə məğlub olmamalıdır.
Mərkəzi görüşdə turnir cədvəlinə liderlik edən “Qarabağ” dörd xal qabaqladığı “Zirə” ilə qarşılaşacaq. Bu matçın Adil Şükürovun komandası üçün daha prinsipial əhəmiyyəti var. “Zirə” səfərdə 3 xal qazanacağı təqdirdə “Qarabağ”la xal fərqini azaldacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə qələbə sayəsində mövqeyini möhkəmləndirəcək. Komandalar çempionatında iki dəfə görüşüblər. Bunlardan biri “Qarabağ”ın üstünlüyü ilə başa çatsa da, digərində heç-heçə qeydə alınıb.
Turun son oyunu martın 6-da keçiriləcək. “Rəvan” komandası "Kəpəz" ilə üz-üzə gələcək. Cütlüyün son üç qarşılaşmasında meydan sahibi rəqibindən zəif olub.
AZERTAG.AZ :Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək