A–
Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi gərgin mübarizə şəraitində keçib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarış iki gün davam edib və 10 çəki dərəcəsində 80 idmançı tatami üzərinə çıxıb.
Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov ölkəmizdə, o cümlədən muxtar respublikada idman sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Muxtar respublika Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov Naxçıvanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazanılan böyük uğurları ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəyyənləşdirdiyi idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilməsinin məntiqi nəticəsi kimi səciyyələndirib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib ki, idmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait ölkəmizi Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirib. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Bütün bunlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Bu gün Cüdo Federasiyası muxtar respublikada bu idman növünün inkişafı üçün müəyyən addımlar atır. Çünki hər zaman Azərbaycan yığmasının heyətində Naxçıvan cüdoçuları öz uğurları ilə fərqləniblər.
Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov isə çıxışında qeyd edib ki, bu gün Naxçıvanda idmanın kütləvi hal alması üçün hər bir şərait var. Bizim məqsədimiz perspektivli cüdoçuları üzə çıxarmaq və Naxçıvan yığmasını formalaşdırmaqdır.
Sonra birinciliyə start verilib.
Yarışın nəticələrinə əsasən, Ayxan Abbasov (30 kiloqram), Abbas Məmmədov (34 kiloqram), Fuad Əşrəfli (38 kiloqram), Əli Əlizadə (41 kiloqram), Fəxrəddin Rüstəmov (46 kiloqram), Vüqar Allahverdiyev (50 kiloqram), Məhəmməd Əliyev (55 kiloqram), Elsevər Məmmədov (60 kiloqram), Murad Mustafayev (66 kiloqram) və Aqil Musayev (66+ kiloqram) həlledici qarşılaşmalarda qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Qalibləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov mükafatlandırıblar.
AZERTAG.AZ :Cüdo üzrə muxtar respublika birinciliyinin qalibləri məlum olub


