A–
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanın şose velosipedi üzrə “Synergy Baku” kontinental komandası 2016-cı il mövsümündə ilk uğurunu qazanıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Xorvatiyada keçirilən birgünlük “Porec Trophy” yürüşü komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə başa çatıb.
Sayca 14-cü dəfə təşkil edilən yarışa Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Yosip Rumaç və Yannis Tamuridisdən ibarət heyətlə qatılan “Synergy Baku”nun komanda işi uğurlu sonluqla nəticələnib. Yarışda 156,5 kilometrlik məsafəni 3 saat, 23 dəqiqə, 25 saniyəyə qət edən M.Müqerli ən yaxın izləyicisini 1 saniyə qabaqlayıb və starta çıxan 192 velosipedçi arasında finiş xəttini birinci keçməklə “Porec Trophy”nin 3 qat qalibi olub.
M.Müqerli Sloveniyanın “Adria Mobil” komandasının heyətində çıxış edərkən 2012 və 2013-cü illərdə də adı çəkilən yarışın qalibi olmuşdu. 2014-cü ildə isə bu yarışda “Synergy Baku” və Azərbaycanın elit yığma komandasının üzvü, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin çempionluq sevinci yaşamışdı.
AZERTAG.AZ :“Synergy Baku” velosiped komandası mövsümdə ilk uğurunu qazanıb