A+
A–

Bakı, 9 mart, AZƏRTAC
Ölkəmizdə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması məqsədilə kinoaktyor Ruslan Sabirli tərəfindən irəli sürülmüş Azərbaycanda ilk buktreyler festivalının keçirilməsi təşəbbüsü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin marağına səbəb olub. Festivalın keçirilməsinə kömək məqsədilə Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə Ə.Qarayev Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü bəyəndiyini söyləyib, sözügedən festivalın cəmiyyətimizə və ölkəmizin gəncliyinə verə biləcəyi töhfələrini vurğulayıb. Daha sonra Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac duyulan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Müşavirədə festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və digər mühüm məsələlər müzakirə olunub.
İşlərin aprelin 10-dək qəbul olunması, eləcə də 1, 2 və 3-cü yerin qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının verilməsi barədə qərar qəbul olunub.
Məlumat üçün bildirək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.
Festivalda iştirak şərtləri və buktreylərə olan tələblərlə aşağıdakı linkdən tanış olmaq olar:
https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217
AZERTAG.AZ :Mədəniyyət və Turizm Nazirliyi buktreyler festivalının təşkilati dəstəkçisi olub