A+
A–

Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqları salamlayan Ramil Usubov xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb. Nazir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki ölkənin prezidentləri tərəfindən daha da genişləndiyini, Prezident İlham Əliyevin bu il fevralın 23-də İrana rəsmi səfəri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün istiqamətlərdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir.
Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində DİN-in də maraqlı olduğunu vurğulayıb.
Sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, hüquq mühafizə orqanları cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı sıx, qarşılıqlı əlaqədə kompleks tədbirlər həyata keçirirlər.
General-mayor Qasım Rzayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizdə yaradılmış sabitlikdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib. O bildirib ki, belə səfərlər, imzalanmış sənədlər eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin və xalqın mənafelərinə tam uyğundur. Bu, bütün sahələrdə, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə müsbət təsir göstərir.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
AZERTAG.AZ :Azərbaycan ilə İran arasında hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib