"Bozbaş pictures"in əsas siması, filmdəki zarafatları dillər əzbəri olan aktyor Nicat Rəhimov "Axırıncı yol" filmi haqqında danışıb. Onun Milli.Az-a dediklərindən:
"Ümumiyyətlə, film haqqında yaxşı sözlər eşidirik. Qala zamanı tamaşaçıların alqışlarından da hiss etdik ki, bu film uğurlu olub. Filmi yay aylarında çəkməyə başlamışdıq, təbii ki, əziyyətli bir çəkiliş oldu. Həqiqətən də əziyyətli iş öz bəhrəsini verir. Filmdə qadın paltarı geyməyim məcburiyyətdən irəli gəldi. Bankın maşınını ancaq bu yol ilə qaçıra bilərdik. Qadın geyimində həddindən artıq çox çətinlik çəkdim. Məncə, aktyor bütün rollarda oynamalıdır. Çox rollar var ki, mən onları istərdim ki, oynayım. Aktyor gərək rolu ürəkdən oynasın, tamaşaçını rola inandırsın. Bundan əlavə, aktyor, məncə, müşahidəçi olub, bütün insanların xarakterini bilməlidir. Çünki biz aktyorlar xarakterləri həyatdan götürüb, ideallaşdırırıq. Filmimiz də onu göstərdi ki, bütün filmdə olan sözlər dillər əzbəridir. Bu istər "Axırıncı yol", istərsə də "Bozbaş pictures"də belə idi. Maşallah olsun ki, bizim filmimiz sözün əsl mənasında tutarlı bir film oldu. Hətta kassada belə biletlər qurtarmışdı. Başda filmin rejissoru Emil Mirabdullayev olmaqla bütün kollektivimizi təbrik edirəm".
Əli Rəhimoğlu
Milli.Az



