A–
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) dəstəyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) iqamətgahında Azərbaycan və Türkiyə fotoqraflarının görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, EFSA (Ege Fotoğraf Ve Sinema Amatörleri Derneği) rəhbəri Əhməd Mançer AFB rəhbərliyinə dəvət və səmimi qəbul üçün minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və türk fotoqraflarını möhkəm dostluq və əməkdaşlıq birləşdirir. Ə.Mançerin sözlərinə görə, bir neçə gün ərzində Bakı və ölkəmizin müxtəlif guşələri ilə tanışlıq türk nümayəndə heyətini məmnun edib.
AFB sədrinin müavini Rauf Ümidov deyib ki, Azərbaycan və Türkiyə iki qardaş ölkədir və Bakıda qonaqlara həmişə şaddırlar. R.Ümidov qeyd edib ki, Azərbaycan fotoqrafları türkiyəli həmkarlarının işlərinə böyük maraq göstərirlər.
Sonra məhsuldar fəaliyyət və ikitərəfli əməkdaşlığa verdiyi töhfəyə görə Əhməd Mançerə AFB, Mirnaib Həsənoğluna isə EFSA adından diplomlar təqdim olunub.
AFB İdarə Heyətinin üzvləri türk fotoqraflarına qiymətli hədiyyələr veriblər.
Tədbirdə AZƏRTAC-ın fotomüxbirləri də iştirak edib.
AZERTAG.AZ :Azərbaycan və Türkiyə fotoqraflarını möhkəm dostluq əlaqələri birləşdirir

