A–
Bakı, 16 mart, AZƏRTAC
Martın 15-də Brüsselin Fore kommunasında 4 polisi yaralayan yaraqlıların şəxsiyyəti müəyyən edilib. Onlar 27 və 30 yaşlarındakı Xalid və İbrahim qardaşlarıdır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ehtimal olunan yaraqlıların axtarışı bütün gecə boyu davam edib. Hər iki qardaş polisə yaxşı məlumdur. Onlardan biri qarət zamanı qanun keşikçisinə atəş açdığı üçün qiyabi olaraq 9 il həbs cəzasına məhkum edilib. Digəri isə 2011-ci ildə avtomobil qaçırdığına görə şərti olaraq 5 il azadlıqdan məhrum olunub.
Xüsusi təyinatlılar tərəfindən öldürülmüş silahlının şəxsiyyəti hələlik müəyyənləşməsə də, onun Paris hücumunun təşkilatçısı hesab edilən belçikalı Saleh Abdussalam olmadığı dəqiqdir.
Xatırladaq ki, Parisdə baş verən hücumun təhqiqatı üzrə Fransa-Belçika müştərək əməliyyatı çərçivəsində martın 15-də səhər saatlarında polis mənzillərin birində axtarış apararkən oradakı şəxslər tərəfindən atəşə tutulub. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Əməliyyat nəticəsində yaraqlılardan biri öldürülüb, digər ikisi isə qaçmağa müvəffəq olub.
Hadisə ilə bağlı Belçikanın Baş naziri Şarl Mişel martın 16-da təhlükəsizlik şurasının növbədənkənar iclasını çağırıb.
Reuters agentliyinin yaydığı ən son məlumata görə, antiterror əməliyyatı zamanı polislə atışmada şübhəli bilinən iki nəfər saxlanılıb.
AZERTAG.AZ :Brüsseldə polisləri yaralayan silahlıların şəxsiyyəti müəyyənləşib