Bakı, 18 fevral, AzərTAc
Azərbaycan Güləş Federasiyası (AGF) yeni loqosu üçün peşəkar dizaynerlər arasında loqo müsabiqəsi elan edib.
AGF-dən AzərTAc-a bildiriblər ki, müsabiqənin şərtlərinə görə, yeni loqo özündə federasiyanın fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməli, ölkə güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirməli, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.
Təklif olunacaq eskiz və layihələr fevralın 22-dək press@awf-az.org e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi, 55 ünvanına, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təqdim olunan təkliflərə xüsusi komissiya tərəfindən fevralın 28-dək baxılaraq müsabiqənin qalibi elan ediləcək. Müsabiqənin qalibi 1000 manat məbləğində pul mükafatı və federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq.
Yeni loqo federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov loqo dəyişikliyi ilə bağlı müsabiqə elan edilməsinin zəruriliyini dövrün tələbi ilə əlaqələndirib. O, qeyd edib ki, bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası da belə bir addım atdı və həm qurumun adı və həm də loqosu dəyişdirildi. Hər bir qurum mütəmadi olaraq brendini yeniləyir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası fəaliyyətində daim yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan uzun müddət istifadədə olan loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştiraka dəvət edirəm.
Baş katib vurğulayıb ki, təqdim olunacaq layihələrə federasiyanın prezidenti Fazil Məmmədovun və birinci vitse-prezident, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə ehtiva edən, federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq.