A–
Gəncə 17 mart, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Saatlı, Neftçala və Sabirabaddan olan məktəblilər martın 17-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektlərlə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə məktəblilər Nizaminin qəbrini ziyarət ediblər. Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər. Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan İmamzadə Dini Memarlıq Kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. İmamzadə əsrlərlə mömin insanların tez-tez ziyarət etdiyi müqəddəs məkan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.
İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan İmamzadə hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq yaradıb.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı martın 18-də davam edəcək.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının Gəncə ilə tanışlığı davam edir









