A+
A–

Xırdalan, 24 mart, AZƏRTAC
Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində abşeronlu məktəblilərin yola salma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin və mədəniyyət mərkəzinin əməkdaşları, müəllim və valideynlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Məktəblilər Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə yallı gediblər.
Daha sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
F.Cəbrayılov məktəblilərə səfərlə bağlı tövsiyələrini verərək vurğulayıb ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaq, cənub bölgəsinin görməli yerlərini gəzəcəklər.
Sonra şagirdlər cənub bölgəsinə yola düşüblər.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” layihəsi yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynayır