A+
A–

Gəncə, 24 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 24-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Beyləqan, İmişli və Kürdəmir rayonundan olan iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri, müəllimlər Gəncə şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Heydər Əliyev Park Kompleksinin girişində, Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri və Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
Tur-aksiya iştirakçılarını salamlayan Sevda Qurbanəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq çərçivəsində şagirdlər mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə nümayiş olunan məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərgiyə baxıblar.
Məktəblilərə məlumat verilib ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdirilir.Tur aksiya iştirakçıları sərgidə məşhur şokolad ustası Nikolay Popovun nümayiş olunan əl işləri ilə bərabər şokolad məhsulları ilə tanış olub, şokoladın yaranma tarixi haqqında məlumat alıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin qonaqları “Nikolya Şokolad Muzeyi” nin eksponatlarına, xüsusilə ümummilli lider Heydər Əliyevin, Atatürkün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şokoladdan hazırlanan portretlərinə maraqla baxıblar. Kütləsi 65 kiloqram olan “Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan “Eyfel qülləsi” həmçinin müxtəlif zövq və incəliklə hazırlanan heykəllər, portretlər və sənət əsərləri muzeyin qonaqlarına xoş təsir bağışlayıb.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı martın 25-də davam edəcək.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhərinin qonağı olublar