A–
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Bədii şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün repertuar və iş planını təsdiqləyib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləridir. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
AZERTAG.AZ :Musiqili Teatr növbəti 4 ay üçün repertuar planını təsdiqləyib