A–
Bakı, 30 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) “Hüquq Klinikası” 3 aylıq hesabat verib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, məhz "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sisteminin inkişaf etdirilməsi nəzərə alınaraq, bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiya işlərini həyata keçirməklə yanaşı, digər dəstək proqramlarını da işləyib hazırlamaqdır.
Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Mərkəzə son 3 ay ərzində Ağcabədi, Bərdə, Yevlax rayonlarından və Mingəçevir şəhərindən 68 mülki iş daxil olub. Adları qeyd olunan regionları əhatə edən Hüquq klinikalarımızın sosial işçiləri və hüquqşünasları tərəfindən Azərbaycan Respublikasının Mülki, Ailə və Cinayət məcəllələrinin müvafiq maddələrinə uyğun hüquqi məsləhət verilib.
Müraciətlərin 30 faizi gənc ailələrdə birgə nikah dövründə qazanılan əmlakın bölgüsü, həmçinin yetkinlik yaşına çatanadək saxlanması üçün atasından aliment tutulması ilə bağlıdır. Bunu əsas götürərək Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə yaxın zamanda gənc ailələrə psixoloji yardım və erkən nikah proqramı istiqamətində tədbirlər planı həyata keçirəcək.
AZERTAG.AZ :Gənclər üçün Təhsil Mərkəzinin “Hüquq Klinikası” 3 aylıq hesabat verib