Nizami Kino Mərkəzində ayın ən gözlənilən filmi "Osman pazarlama" başlanıb.

Milli.Az xəbər verir ki, aprelin 1-dən Nizami Kino Mərkəzində "Osman pazarlama", "Mayamidə missiya", "Kloverfild 10" və "Marşrut müəyyən edilib" bədii filmlərinin nümayişi başlanıb.

Amerika rejissoru Den Traktenberqin çəkdiyi "Kloverfild 10" filmi fantastika, triler, dəhşət, detektiv və dram janrındadır. Sloqanı: "Bədheybətlər fərqli olur"

Yaş həddi: +16

Avtomobil qəzasından sonra ayılan qız zirzəmidə olduğunu başa düşür. Qızı ora qapadan insan onu kimyəvi hücumdan xilas etdiyini və bunkerdən kənar dünyanın məhv olduğunu söyləyir...

Filmdə rollara aktyorlar Con Qudman, Meri Elizabet Uinsted, Con Qallaher, Duqlas M. Qriffin, Syuzann Krayer, Bredli Kuper, Sumali Montan, Frank Mottek, Sindi Hoqan və Met Vairo çəkiliblər.

ABŞ-ın "Mayamidə missiya" filmini rejissor Tim Stori döyüş və komediya janrında çəkib.

Yaş həddi: 16+

Toyuna hazırlaşan Ben, gələcək arvadının qardaşı dəliqanlı polis Ceymslə narkotik alverçisini ələ keçirmək üçün Mayamiyə yollanır...

Filmdəki rolları Ays Kyub, Kevin Xart, Tika Sampter, Bencamin Brett, Oliviya Mann, Ken Jonq, Bryus MakGill, Maykl Edvard Rouz, Şerri Şepperd, Arturo del Puetro və digər aktyorlar ifa ediblər.

Yeni filmlər sırasında rusiyalı rejissor Oleq Asadulinin "Marşrut təyin olunub" lenti də var. Ekran əsəri dəhşət və triller janrlarındadır.

Yaş həddi: 16+

Arvadını öldürdükdən sonra cəsədini doğrayıb maşının baqajında gizlədən ərin cinayətinin üstü açılır. Cinayətdən boyun qaçırmasına baxmayaraq polis onu həbs edir. Başqa bir ailə cütlüyü Andrey və Olya çox ucuz qiymətə yaxşı vəziyyətdə avtomobil alır. Elə həmin günün gecəsi beş yaşlı qızlarını da götürüb başqa şəhərə getmək üçün yola çıxırlar. Yolda Olqa qəribə səslər eşitməyə başlayır və Andreyə maşında nələrinsə baş verdiyini hiss etdiyini söyləyir. Olyanın dedikləri əri Andreyi qıcıqlandırır və onlar mübahisə etməyə başlayırlar. Bu vaxt arxa oturacaqda əyləşən qızları hansısa görünməyən bir xalayla söhbət edir. Amma valideynlər onu eşitmirlər. Öldürülən qadının ruhu ailə münaqişələrini sevmir və maşındakılar artıq onun ixtiyarındadırlar. Onların marşrutu bəllidir...

Filmdəki obrazları aktyorlar Svetlana Ustinova, Pavel Çinaryov, Vitaliya Kornienko, Kristina Şapovalova, Serqey Safronov, İlya Safronov, Andrey Safronov, Diana Melison, Aleksandr Tsem və başqaları canlandırıblar.

Həftənin ən gözlənilən, AF Mediya Azərbaycan şirkətinin təqdim etdiyi "Osman pazarlama" türk filminin rejissoru Toğan Gökbakar və baş rolun ifaçısı Şahan Gökbakardır.

Yaş həddi: 12+

Film aşiq olduğu qızla evlənə bilmək üçün bacarıqlı iş adamı olmaq istəyən Osman Şaşmazın gülüş dolu hekayəsindən bəhs edir. Sevdiyi qızın atasına özünü isbatlamaq üçün ona yardımçısı Erkan və yaxın ailə dostlarının qızı Songül kömək edirlər. Yeni mal nümunələrini komik durumlara düşərək bazara çıxarmaq üçün çalışan Osman, sonunda varlanmağın çox da uzaqda olmadığını anlayır...

Rollarda həmçinin Selim Akgül, Liberat Niyoyandika və başqaları çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl

Milli.Az

"Recep İvediy"in yeni komediyası Nizami Kino Mərkəzində - FOTO
"Recep İvediy"in yeni komediyası Nizami Kino Mərkəzində - FOTO