Bugün Heydər Əliyev Sarayında qəhrəman əsgərlərimiz və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədilə Ulu Öndərin büstü qarşısında tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olan əsgərlərimizin və mülki vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Ali Baş Komandan, Prezident İlham Əliyevin "Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq" sözləri ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb.

Daha sonra Ermənistanın törətdiyi növbəti silahlı təxribatdan, təmas xəttindəki mövqelərimizə, yaşayış məntəqələrinə hücum edərək atəşə tutmasından və bu təxribata cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən düşmən ordusuna böyük itkilərnən nəticələnən sarsıdıcı zərbələr endirməsindən ətraflı məlumat verib.

Fərhad Babayev qeyd etdi ki, Azərbaycan Ordusu tərəfindən nəinki erməni təxribatının qarşısı alınmış, eyni vaxtda uğurlu hərbi əməliyyatlar nəticəsində əlverişli hərbi mövqelər geri qaytarılaraq böyük qələbəyə imza atılıb.
Tədbirin sonunda bir daha qeyd olundu ki, bu gün keçiriləcək konsert proqramının bilet satışından əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrə yardım fondunun bank hesabına keçiriləcək.

Milli.Az