A–
Bakı, 13 aprel, AZƏRTAC
“Boko haram” silahlıları tez-tez uşaqları oğurlayır və onlardan intiharçı-terrorçular kimi istifadə edirlər. Nigeriya, Kamerun, Çad və Nigerdə bu cür cinayətlər törədilməsi üçün istifadə edilən uşaqların sayı kəskin şəkildə artıb: 2014-cü ildə belə hadisələrin sayı 4 olduğu halda 2015-ci ildə bu göstərici 44-ə çatıb.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu məlumatlar BMT Uşaq Fondunun (UNİCEF) yeni məruzəsində əks olunub. Bu araşdırmalar iki il bundan əvvəl Nigeriyanın Çiboka şəhərində 200-dən çox məktəbli qızın oğurlanmasından sonra aparılıb.
2014-cü ilin yanvarından 2016-cı ilin fevralına qədər Kamerunda 21 dəfə, Nigeriyada 17 dəfə, Çadda iki dəfə terror hücumları zamanı uşaqlardan intiharçılar kimi istifadə edilib.
“Boko haram” terrorçuları və digər silahlı qruplaşmalar bu məqsədlər üçün məcburi köçkünlərdən, zorakılığa və təhqirlərə məruz qalmış müdafiəsiz uşaqlardan istifadə edirlər. Son iki ildə intiharçı-terrorçuların orta hesabla hər beş nəfərindən biri uşaq, o cümlədən 75 faizi qızlar olub.
UNİCEF-in Qərbi və Mərkəzi Afrikada regional direktoru Manuel Fonten deyib: “Biz hamımız bunu nəzərə almalıyıq ki, bu uşaqlar cinayətkarlar deyil, qurbanlardır”.
UNİCEF nümayəndəsi deyib: “Nigeriyada və qonşu ölkələrdə uşaqların şirnikləndirilərək aldadılması və terror aktları törətməyə məcbur edilməsi həmin ölkələrdə zorakılığın ən dəhşətli təzahürlərindən biridir”.
Son 6 ildə “Boko haram” silahlıları şimal-şərqi Nigeriyanın minlərlə sakinini qətlə yetiriblər. Milyonlarla nigeriyalı qonşu ölkələrə qaçıb. Köçkünlər arasında 1,3 milyon uşaq var. Çoxsaylı uşaqlar, qadınlar və kişilər oğurluq və işgəncə qurbanları olurlar, onları zorla silahlı dəstələrə cəlb edirlər, qadınlar qəddarlıq, o cümlədən seksual zorakılıqla qarşılaşırlar. Terrorçuların azğınlığı nəticəsində 1800 məktəb bağlanıb. Beş mindən çox uşaq oğurlanılıb və ya məcburi şəkildə başqa yerə aparılıb, nəticədə onlar yetim qalıb və ya valideynlərindən, digər qohumlarından ayrı düşüblər.
AZERTAG.AZ :UNİCEF uşaqlardan intiharçı-terrorçu kimi istifadə edilməsinə görə narahatdır