Azərbaycan regionda Almaniyanın mühüm tərəfdaşıdır

Azərbaycan regionda Almaniyanın mühüm tərəfdaşıdır
19:38 20 Fevral 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 20 fevral, AzərTAc
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Xarici işlər nazirinin müavini, dövlət katibi Markus Ederer ilə görüşdə Xələf Xələfov Almaniyaya səfərin siyasi məsləhətləşmələrin növbəti raundu olaraq ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi məqsədilə həyata keçirildiyini söyləyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparılıb. Xələf Xələfov münaqişənin həllində ikili standartlara son qoyulmasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağdakı erməni separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb. Söhbət zamanı hər iki tərəf üçün maraq kəsb edən beynəlxalq siyasi mövzular, o cümlədən regional təhlükəsizlik və Yaxın Şərqdə gedən proseslərə dair fikir mübadiləsi aparılıb.
Dövlət katibi Markus Ederer Azərbaycanın regionda Almaniyanın siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət sahələrində mühüm tərəfdaşı olduğunu söyləyib.
Xələf Xələfovun siyasi məsləhətləşmələrin davamı olaraq Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Kord Mayer-Klodla görüşündə çoxşaxəli xarakter daşıyan ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilərək münasibətlərin daha sürətlə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin son həftələrdə Almaniyaya etdiyi iki səfərin dövlətlərarası münasibətlərin inkişafına xüsusi töhfə verdiyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində Xələf Xələfov Bundestaqda Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri xanım Karin Ştrents ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında hər iki ölkənin parlamentlərinin oynadığı rol, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlər müzakirə edilib. K.Ştrents deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında Azərbaycanın işğal atlında olan torpaqlarının azad olunması dayanır. Tərəflər münaqişənin həlli üçün Almaniyanın və Avropa İttifaqının səylərinin artırılması və onların vasitəçilik potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar. X.Xələfov Bundestaqın, o cümlədən Almaniya-Cənubi Qafqaz parlament qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu obyektiv mövqeyə görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində X.Xələfov Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Mixael Flüqqer ilə də görüşüb. Mixael Flüqqer son zamanlar iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın Almaniya tərəfini məmnun etdiyini bildirib. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin regional təhlükəsizlik və stabillik üçün yaratdığı təhdiddən söhbət açıblar.
Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_regionda_Almaniyanin_muhum_terefdasidir-833778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR