Tbilisinin mərkəzində görkəmli opera müğənnisi Bülbülün büstü açılıb

Tbilisinin mərkəzində görkəmli opera müğənnisi Bülbülün büstü açılıb
20:38 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 20 fevral, AzərTAc
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin qarşısında Azərbaycan xalq mahnılarının mahir ifaçısı və görkəmli opera müğənnisi, Azərbaycan milli vokal sənətinin banilərindən biri, SSRİ xalq artisti Bülbülün büstü açılıb.
Mərasim iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Büstün açılış mərasimində Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, müğənninin oğlu, Azərbaycanın Xalq Artisti və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstanın Mədəniyyət və Tarixi Abidələr naziri Mixeil Georqadze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, keçmiş mədəniyyət və tarixi abidələr naziri Valeri Asatiani, müğənninin oğlu Polad Bülbüloğlu və başqaları çıxış ediblər.
Çıxışlarda dahi sənətkarın ölməzliyindən, əvəzolunmazlığından, onun gürcü həmkarları ilə münasibətlərindən, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərindən danışıblar.
Qeyd olunub ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər mədəniyyət sahəsində, eləcə də digər sahələrdə, xüsusən də xalqlarımız və sənət adamlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin inkişafına geniş zəmin yaradıb.
Tbilisidə, Kür çayının sağ sahilində SSRİ Xalq Artisti Bülbülün büstünün açılması təkcə dahi bəstəkarın sənətinə deyil, ümumilikdə Azərbaycan və gürcü xalqlarının mədəniyyətinə, incəsənətinə, dostluğuna və qardaşlığına verilən yüksək qiymətin təzahürüdür.
Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xalq Artisti Polad Bülbüloğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş “Polad - Gürcüstanın dostu” kitabının təqdimatı keçirilib.
Mərasimdə Tbilisi şəhər xor kapellasının üzvləri Polad Bülbüloğlunun mahnılarından parçalar ifa ediblər. Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunun həyat və yaradıcılığından bəhs edən foto və videoslayd nümayiş olunub.
Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində atasının büstünün Tbilisinin mərkəzində açılmasından məmnun qaldığını bildirib. O deyib: “Mənim uşaqlıq illərim Gürcüstanla bağlıdır. Bülbülün Tbilisidə büstünün açılması təkcə atamın yaradıcılığına verilən qiymət deyil. Bu bütövlükdə Azərbaycan mədəniyyətinə, xalqlarımız arasındakı dostluq münasibətlərinə və mədəni əlaqələrimizə verilən yüksək qiymətdir”.
Mixeil Georqadze deyib ki, bu gün bizim dövlətlərimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu da bizə mədəniyyət sahəsində və digər sahələrdə münasibətlərimizi inkişaf etdirməyə və möhkəmləndirməyə imkan yaradır. Tbilisinin mərkəzində dahi Bülbülün büstünün açılması, Polad Bülbüloğlunun 70 illik yubileyinin təşkil olunması, kitabının təqdimatının keçirilməsi dediklərimizi bir daha sübut edir.
Çıxışlarda Polad Bülbüloğlunun yaradıcılığından, Gürcüstanla əlaqələrindən söz açılıb, onun bu ölkədə də çox sevildiyi vurğulanıb.
Tədbirdə Polad Bülbüloğlu Tbilisi şəhərinin mədəni inkişafındakı xidmətlərinə görə Fəxri Fərman və “Tbilisinin fəxri vətəndaşı” xatirə medalı ilə təltif olunub.
Qeyd edək ki, fevralın 21-də Tbilisidə Polad Bülbüloğlunun 70 illik yubileyi ilə əlaqədar möhtəşəm konsert olacaq.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbilisinin_merkezinde_gorkemli_opera_mugennisi_Bulbulun_bustu_achilib-833804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR