A+
A–

Naxçıvan, 18 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev çıxış edərək bu cür yarışların keçirilməsinin yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşı Nizami Bağırov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Bölməsinin nümayəndəsi Xəyal Zalov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon bölməsinin təşkilatçılığı ilə keçirilən yarışda 4 tam orta məktəbin komandası iştirak edib. Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilib. Yarışın yekununa əsasən, Heydərabad qəsəbə tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Sədərək kənd 2 saylı tam orta məktəbin komandası ikinci, 1 saylı tam orta məktəbin komandası isə üçüncü olublar.
Qalib komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim edilib.
Qeyd edək ki, birinci yerin sahibi Heydərabad qəsəbə tam orta məktəbinin komandası aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyində Sədərək rayonunu təmsil edəcək.
AZERTAG.AZ :Poliatlon çoxnövçülüyü üzrə Sədərək rayon birinciliyinə yekun vurulub