A+
A–

Bakı, 18 aprel, AZƏRTAC
Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bununla bağlı bir daha bəyanat yayıb.
Bəyanatda bildirilib ki, qeyd olunanları hadisənin xronologiyası da sübut edir. Belə ki, 2016-cı il 16 aprel tarixdə saat 09.15–də Ermənistana məxsus http://news.am/rus/news/322696.html saytında bir Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayılıb. Məlumat yayıldıqdan dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqə yaradılıb və dəqiqləşdirilməsi barədə məsələ qaldırılıb. Həmin gün saat 10.00-11.00 radələrində BQXK tərəfindən Komissiyaya verilmiş məlumata əsasən, bu qurum məsələni araşdırıb və Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq edib.
Aparılmış danışıqlara uyğun olaraq Azərbaycan hərbçilərinin nəzarəti altında olan ərazidə tapılmış bir Ermənistan hərbçisinin və ermənilər tərəfindən tapılmış bir Azərbaycan hərbçisinin meyitlərinin 2016-cı il 17 aprel tarixdə saat 10.30-da qoşunların təmas xəttində repatriasiyası barədə razılıq əldə edilib.
Lakin aprelin 16-da saat 22.30 radələrində Ermənistan tərəfi beynəlxalq təşkilatlara onlarda Azərbaycan hərbçisinin meyitinin olmadığını, guya səhv etdiklərini bildirib. Aid olduqları dini mənsubiyyətlərinə görə azərbaycanlının və erməninin meyitinin fərqləndirilməsi üçün saniyələrin tələb olunduğunu nəzərə alsaq, erməni tərəfinə bu iş üçün 12 saat vaxtın tələb edilməsi başa düşülmür. Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir.
Dövlət Komissiyası erməni tərəfinin çirkin təxribatlarına şəraitin yaradılmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırıb.
Dövlət Komissiyası bildirir ki, məsələ bu qurumun gündəlik diqqət mərkəzindədir. Hazırda aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə axtarış tədbirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

AZERTAG.AZ :Hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət Ermənistanın üzərinə düşür