A+
A–

Şahbuz, 18 aprel, AZƏRTAC
Güclü turizm potensialına malik Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə görülən işlərin daha geniş miqyasda davam etdirilməsinə stimul verib. Həmin müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən aprelin 2-dən başlayaraq hər həftənin şənbə və bazar günləri Naxçıvan məktəblilərinin təbiət möcüzəsi olan Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinə tur-aksiyası təşkil edilir. Bu layihədə doğma diyarımızın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdləri, aztəminatlı ailələrin uşaqları, eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar iştirak edirlər. Aprelin 2-də Naxçıvan şəhər məktəbliləri, aprelin 9-da isə Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri bu imkandan yararlanıblar. Aprelin 16-da isə muxtar respublikadakı sağlamlıq imkanları məhdud uşaqların və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olunub.
Əvvəlcə onu qeyd edək ki, bu kateqoriyadan olan uşaqlar üçün tur-aksiyaların təşkili onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan çox əhəmiyyətli bir addım kimi diqqəti cəlb edir, eyni zamanda, onların heç vaxt diqqətdən kənarda qalmadıqlarını bir daha sübuta yetirir. Əminliklə deməyə əsas verir ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində artıq çox səmərəli, işlək bir mexanizm formalaşıb.
Uşaqlar Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə aprelin 16-da səhər saat 9-da yola düşdülər. İki avtobusdan ibarət maşın karvanı qısa zamanda Ağbulağa çatdı. Səbəb isə təbii ki, yol infrastrukturunun mükəmməl olmasıdır. Vaxtilə Şahbuz rayonunun, həmçinin Ağbulaq kəndinin yollarının necə bərbad, çala-çuxur olduğunu bir daha xatırladım. Burada infrastrukturun ən yüksək səviyyədə qurulması bu gün həmin rayonun sakinlərini, eyni zamanda qonaqları çox böyük çətinliklərdən, sözün həqiqi mənasında, əzab-əziyyətdən xilas edib. Əgər bu yollar abadlaşmasaydı, Ağbulaqda və digər turizm yerlərində cənnət yaradılsa belə, onun heç bir əhəmiyyəti, faydası olmayacaqdı. Bu gün gözəl, səfalı, saf təbiətimizə ahəngdarlıq təşkil edən yollarımızı tamamlayan istirahət mərkəzləri daha da cazibədar görünür. Onların içərisində isə Ağbulaq İstirahət Mərkəzinin xüsusi yeri var.
Ağbulaqda uşaqları mərkəzin icraçı direktoru Novruz Novruzov qarşıladı. Mərkəzin bütün heyətinin səfərbər olduğu, vaxtında lazimi hazırlıqların aparıldığı ilk baxışdan hiss olunurdu. Mərkəzin bütün əməkdaşlarının ilk anlardan son saatadək uşaqlara göstərdikləri diqqət, qayğı, mehriban münasibət bizim milli xüsusiyyətlərimizin nəticəsi olmaqla yanaşı, həm də xidmət səviyyəsinin göstəricisi idi.
Məktəblilər əvvəlcə turizm mərkəzi ilə tanış oldular. Sonra isə nahar yeməyinə yollandılar. Naharda onlara milli mətbəximizin ləziz yeməkləri təqdim olundu. Süfrəni bəzəyən çeşidli yeməklərin dadına-tamına söz ola bilməzdi. Bu məqamda Sovet dövründə Şahbuz rayonunun Batabat yaylağında yerləşən “Qaranquş” adlı pioner düşərgəsində olduğum günləri xatırladım. Həmin vaxtlar dünyanın supergüclərindən biri olan Sovetlər Birliyinin məktəbliləri olaraq bizə verilən yeməklərin çeşidlərini yada saldım. Həmin yeməklərin aprelin 16-17-də Ağbulaq İstirahət Mərkəzində uşaqlara təqdim edilən milli yeməklərimizin heç onda biri qədər də dəyəri yox idi. Kiçik bir müqayisə müstəqilliyimizin, dövlətçiliyimizin əhəmiyyətini ortaya qoyur, dövlətimizin vətəndaşlarına, o cümlədən məktəblilərə göstərdiyi diqqət və qayğını aşkar göstərir.
Nahardan sonra şagirdlər proqrama uyğun olaraq müxtəlif idman yarışlarında iştirak etdilər. Mini-futbol meydançasında keçirilən futbol turnirində “Batabat” ilə “Ağbulaq” komandaları qarşılaşdı. Gərgin keçən qarşılaşmada hər iki komanda əzmkar oyun nümayiş etdirdi. Sağlamlıq imkanları məhdud uşaqların bu sevincini, əzmkarlıqlarını görəndə insanın qəlbi dağa dönürdü...
Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Səyyad Bayramovun məktəblilərə keçdiyi “Naturadan rəsm” mövzusunda ustad dərsi də maraqlı oldu. Rəssam bildirdi ki, rəsm prosesində təsvir obyektini – əşyaları bir-birindən cizgilər ayırır. Bu cizgilər vasitəsilə əşyanın fəza hüdudu, forma və ölçüsü müəyyənləşdirilir və bunlar kagıza (materiala) köçürülür. Naturadan rəsm məqsədyönlü müşahidəyə, fikri fəallığa əsaslandığı üçün həmin janra maraq oyadır. Ustad dərsində Səyyad Bayramov naturadan çəkilən əsərlərin spesifik xüsusiyyətlərindən də söz açdı.
Bu vaxt paralel olaraq uşaqlar arasında həm də rəsm müsabiqəsi keçirildi. Ustad dərsi naturadan rəsm çəkməyə həsr olunsa da, balacalar fürsətdən istifadə edərək təxəyyüllərində olanları kağıza köçürürdülər. Həmin rəsmlərdə uşaq dünyasının kövrək duyğulara bürünmüş hisslərini duymaq mümkün deyildi.
Müsabiqənin qalibi Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Fatma Babayeva oldu. Fatma Ağbulağı çox bəyəndiyini, buradakı gözəl təbiət mənzərələrini də kağıza köçürmək niyyətində olduğunu dedi.
Ustad dərsindən sonra təşkil olunan çay süfrəsi hamının ürəyincə oldu. Deyə-gülə çaylarını içən uşaqlar daha sonra müxtəlif stolüstü oyunlarda iştirak etdilər. Məktəblilər üçün təşkil olunmuş şahmat və dama turniri maraqla qarşılandı.
Şam yeməyindən sonra şagirdlər “Dolu” bədii filminə baxdılar. Məktəblilərin istirahət mərkəzində ilk gününün proqramı Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edən bu filmin nümayişi ilə yekunlaşdı. Hər kəs onun üçün ayrılmış otaqlara yollandı. Yorğun olsalar da, məktəblilərin hər birinin üzündə təbəssüm, sevinc var idi. Baxışlarından da görünürdü ki, əllərində olsaydı, gecəni də yatmaz, həmin gün tanış olduqları yeni dostları ilə səhərədək oynayardılar...
Səfərin ikinci gününün ilk saatlarında uşaqlar bir yerə toplaşaraq Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Burada səhər gimnastikası ilə məşğul olan uşaqları bir-birindən ləziz səhər yeməkləri gözləyirdi.
İkinci gün uşaqlar üçün “Nuh yurdu” intellektual oyunu təşkil edilmişdi. Əvvəlcə Naxçıvanın tarixinə həsr olunmuş oyunun şərtləri barədə məktəblilərə ətraflı məlumat verildi. Sonra iki komandanın – “Batabat” və “Ağbulaq” komandalarının mübarizə apardığı oyuna start verildi. Burada şagirdlərin fəallığı diqqətimizdən yayınmadı. Görünən o idi ki, Ağbulaqda istirahət edən sağlamlıq imkanları məhdud uşaqlarımızın əksəriyyəti hərtərəfli biliyə, intellektə, dünyagörüşünə malikdirlər. Gərgin keçən yarışma “Ağbulaq” komandasının qələbəsi ilə başa çatdı.
Rəssam Səyyad Bayramovun növbəti ustad dərsi də maraqlı oldu. Səyyad müəllim Ağbulağın füsunkar mənzərələrini kətan üzərinə köçürərək etüd janrında çəkdiyi rəsm əsəri haqqında məktəblilərə ətraflı məlumat verdi. Sonra asfalt üzərində rəsm müsabiqəsi keçirildi. Müsabiqə iştirakçıları tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər. Burada da Fatma Babayeva məktəbli yoldaşlarından özünün istedadı ilə seçildi.
Nahar yeməyindən sonra uşaqlar mütaliə ilə məşğul oldular və oxuduqları kitabları müzakirə etdilər. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Vüsal Babayev söhbət zamanı dedi ki, o, həmişə dərslərini hazırladıqdan sonra dərsdənkənar kitabları mütaliə etməyi çox xoşlayır. Ona görə də proqramda kitab mütaliəsinə yer ayrıldığını biləndə çox sevinib. Vüsal yaradılan şəraitə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, burada çoxlu yeni dostlar, həmfikirlər tapıb. Onlarla birlikdə oxuduğu kitabları müzakirə edib.
İstirahət mərkəzinin idman sahəsində keçirilən voleybol və badminton idman növü üzrə qarşılaşmalar da maraqlı səhnələrlə yadda qaldı. Bununla da şagirdlərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatdı.
Zəngin proqramı olan bu səfər hər bir şagirdin ürəyincə oldu. Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Cavid Həsənli, şəhər 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi İnci Rzayeva, Babək rayon Zeynəddin kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Ədalət Muradov, rayonun Cəhri kənd tam orta məktəbinin şagirdi Orxan Hüseynov və digərləri qeyd etdilər ki, Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir gəlirlər. Haqqında eşitsələr də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirdilər. Təbiəti, havası çox gözəldir. Müxtəlif idman yarışlarının, intellektual oyunların keçirilməsi də hər bir şagirdin ürəyincə olub. Uşaqlar bu şəraitin yaradılmasına görə dövlətimizə minnətdardırlar.
Valideynlər də aksiyanın əhəmiyyətini xüsusi vurğuladılar. Naxçıvan şəhərindən Şeyda Rzayeva dedi ki, istirahətdən sonra hər bir uşaqda, o cümlədən öz övladında böyük sevinc, ruh yüksəkliyi hiss edir. Bu layihə bir daha göstərdi ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına hərtərəfli diqqət və qayğı var, təhsilə böyük dövlət qayğısı göstərilir. Şeyda xanım bu şəraiti yaradanlara dərin minnətdarlığını bildirdi.
Naxçıvan şəhərində məktəbliləri valideynlər və ailə üzvləri, məktəblilərin dostları və rəfiqələri qarşıladılar. Tədbirin təşkilatçıları olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri şagirdlərə uğurlar arzuladılar.
Qeyd edək k, aprel ayının 2-dən start verilən layihə çərçivəsində Ağbulaq İstirahət Mərkəzində, ümumilikdə, 405 şagirdin istirahəti təşkil ediləcək. Layihə hər həftənin şənbə və bazar günləri olmaqla, iyun ayının 5-dək davam edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri
AZERTAG.AZ :Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı
Sağlamlıq imkanları məhdud uşaqların tur-aksiyası unudulmaz anlarla yadda qaldı