A–
Varşava, 19 aprel, AZƏRTAC
Polşanın Pomorski vilayətinin Veyxerovo şəhərindəki, Piaşnitsa qəbiristanlığında Leon Kriçinskinin abidəsinin açılış mərasimi keçirilib.
Tədbirin təşkilatçısı Pomorski vilayəti rəhbərliyi, Baltik dənizində Hərbi-Dəniz Qüvvələrinin Qdınya şəhərində yerləşən üçüncü briqadası, habelə bu vilayətdə fəaliyyət göstərən Polşa Tatarları Mədəniyyət Mərkəzi olub.
Mərasim yüksək hərbi protokol qaydaları ilə keçirilib. Polşa Tatarları Mədəniyyət Mərkəzinin sədri Yeji Şaxuneviç Leon Kriçinskinin həyat yolu, onun Krımın və Azərbaycanın azadlığı uğrunda fəaliyyətindən danışıb. Y.Şaxuneviç verdiyi dəstəyə görə Azərbaycanın Polşadakı səfirliyinə minnətdarlığını bildirib.
L.Kriçinskinin xatirəsinin əbədiləşdirilməsi mərasimində xristian və müsəlman ayinləri icra olunub. Üçüncü briqadanın əsgərləri L.Kriçinskinin şərəfinə yayılım atəşi açıblar.
Tədbir çərçivəsində səfirliyin nəşr etdiyi Vilayət Quliyevin “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı təqdim olunub. Kitabda Kriçinski qardaşları haqqında dəyərli tarixi məlumatlar var.
Abidə üzərindəki xatirə yazısında deyilir: “Leon-Nayman-Mirzə Kriçinski (1887-1939). Hüquqşünas, yazıçı, səyyah. Krımın və Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın fəal iştirakçısı. Polşa tatarlarının mədəni dirçəlişinin banisi. Vəzifəsinin icrası zamanı tatar, polyak, müsəlman, avropalı, Polşa Respublikasının vətəndaşı kimi həlak olub. Tatarlar, Piaşnitsa 10.10.2015”.
Qeyd etmək lazımdır ki, Leon və Olqred Kriçinski qardaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında böyük xidmətləri olub. Olqred Kriçinski AXC-nin ədliyyə nazirinin müavini, Leon Kriçinski AXC Nazirlər Kabineti Katibliyinin rəisi olub.
Azərbaycanı 1920-ci il aprelin 27-də tərk etmiş Kriçinski qardaşları AXC-nin mövcudluğunun sonuncu gününədək öz vəzifələrini icra ediblər.
Mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Ülvi Baxşəliyev iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
AZERTAG.AZ :Polşada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iştirak etmiş Leon Kriçinskiyə abidə ucaldılıb